Nərmin Şahmarzadə Taleh Yüzbəyovu müdafiə etdi: “Onu linç etmək əvəzinə…”

  • Müəllif: Orxan
  • 20 İyul 2026 09:42

Feminist, ictimai fəal Nərmin Şahmarzadə aktyor Taleh Yüzbəyovun son reklam çarxı ətrafında yaranan müzakirələrə münasibət bildirib və onu müdafiə edib.

Gununsesi.info-nun xəbərinə görə, Şahmarzadə sosial şəbəkədə paylaşdığı geniş yazıda Yüzbəyova qarşı aparılan kampaniyanı tənqid edərək, reklam çarxına etiraz edənlərin reaksiyasını “kütlə psixologiyası” adlandırıb.

Onun fikrincə, aktyorun ailə üzvlərinin, xüsusilə həyat yoldaşının hədəfə alınması nə feminist mövqe, nə də etik davranış hesab oluna bilər.

Müəllif yazısında bildirib ki, reklam çarxına qarşı narazılığı olanlar bunu şəxsi təhqir və linç yolu ilə deyil, yumor və arqumentlə ifadə edə bilərdilər. O, estetik əməliyyatlarla bağlı ictimai müzakirələrin aparılmasının normal olduğunu, bu mövzuda fərqli fikirlərin səsləndirilməsinin isə heç kimin söz azadlığını məhdudlaşdırmamalı olduğunu vurğulayıb.

Şahmarzadə həmçinin qeyd edib ki, Taleh Yüzbəyov uzun illər fəaliyyəti ilə Azərbaycan kino və televiziya sahəsində zəhmət çəkmiş sənətçidir və onun bir reklam çarxına görə “linç” edilməsini doğru saymır.

Paylaşımında o, bəzi sosial şəbəkə istifadəçilərini və özünü feminist adlandıran şəxsləri də tənqid edərək, onların mübahisələrdə yumor əvəzinə nifrət dilinə üstünlük verdiklərini iddia edib.

Qeyd edək ki, Taleh Yüzbəyovun estetik müdaxilələrlə bağlı məzmun daşıyan reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Reklam müxtəlif reaksiyalar doğurub, bəziləri onu yumor nümunəsi kimi qiymətləndirsə də, digərləri qadınlara münasibətdə stereotipləri gücləndirdiyini bildirərək tənqid ediblər.

Elmar

Gununsesi.info