UP, UPPP və yeni nəsil faringoplastika icbari tibbi sığortaya daxil ediləcək? - AGENTLİKDƏN AÇIQLAMA

Xoruldama və obstruktiv yuxu apnesinin (OSA) cərrahi müalicəsində istifadə olunan Uvulopalatoplastika (UP), Uvulopalatofaringoplastika (UPPP) və yeni nəsil faringoplastika əməliyyatlarının İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilib-edilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məlumat mərkəzindən bildirilib ki, hazırda bu əməliyyatlar Xidmətlər Zərfinə daxil deyil. Bununla yanaşı, Agentlikdən qeyd olunub ki, UP, UPPP və yeni nəsil faringoplastika əməliyyatlarının gələcəkdə Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı dəqiq tarix və ya mərhələ açıqlanmayıb.

 

Qeyd edək ki, Uvulopalatoplastika (UP) əsasən sadə xoruldamanın müalicəsində tətbiq olunan məhdud cərrahi əməliyyatdır və yalnız yumşaq damaqla kiçik dil nahiyəsini əhatə edir. Uvulopalatofaringoplastika (UPPP) isə obstruktiv yuxu apnesinin müalicəsində istifadə olunan daha geniş əməliyyat olub, boğazın hava yolunu genişləndirməyə yönəlib. Yeni nəsil faringoplastika isə tək bir əməliyyat deyil, boğaz əzələlərini yenidən formalaşdıraraq hava yolunu daha effektiv genişləndirən müasir cərrahi üsulların ümumi adıdır.

 

Hazırda isə sözügedən əməliyyatlardan istifadə etmək istəyən vətəndaşlar onların xərclərini öz vəsaitləri hesabına qarşılayırlar.

 

Gununsesi.info