Hacıbəy Heydərli Zaur Baxşəliyevə cavab verdi: “Rəşad Məcidin fikrini düzgün anlamayıb”

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 21:31

Jurnalist Hacıbəy Heydərli teleaparıcı Zaur Baxşəliyevin Rəşad Məcidin “TikTok heç vaxt kitabı əvəz edə bilməyəcək” məzmunlu paylaşımına münasibətinə reaksiya verib.

Gununsesi.info-nun xəbərinə görə, Heydərli bildirib ki, Zaur Baxşəliyev Rəşad Məcidin fikrinin mahiyyətini düzgün anlamayıb.

Onun sözlərinə görə, söhbət texnologiyaya qarşı çıxmaqdan deyil, kitabın cəmiyyət üçün əvəzolunmaz dəyərinin vurğulanmasından gedir.

“Bu qədər sadə bir fikri süni intellekt və texnoloji inkişaf mövzusu ilə qarışdırmaq, əslində, müzakirənin məğzini dəyişmək cəhdidir”, – deyə Hacıbəy Heydərli qeyd edib.

O, həmçinin Zaur Baxşəliyevin süni intellekti nümunə göstərməsini tənqid edərək yazıb ki, “süni intellekt Zaurdan fərqli olaraq hər hansı mövzunu anlamadan onun haqqında arqumentlər üzərində nəticə çıxarmır”.

Heydərli Zaur Baxşəliyevin “Başqalarının həyatına az girin” fikrinə də münasibət bildirib.

Onun sözlərinə görə, insanların şəxsi həyatı, ailə münasibətləri və davranışları uzun illər məhz Zaur Baxşəliyevin aparıcısı olduğu televiziya verilişlərində əsas müzakirə mövzularından biri olub.

Jurnalist əlavə edib ki, Rəşad Məcidin yaradıcılığında və rəhbərlik etdiyi media qurumunun fəaliyyətində isə belə yanaşmaya rast gəlinməyib.

Hacıbəy Heydərli sonda qeyd edib ki, kitabı müdafiə edən bir fikri “TikTok-a qarşı çıxmaq” kimi təqdim etmək və bunu ziyalılıq müstəvisində müzakirə etmək doğru deyil.

Onun fikrincə, cəmiyyətdə oxu mədəniyyətinin zəiflədiyi bir dövrdə kitabın əhəmiyyətini xatırlatmaq əsl ziyalı mövqeyidir.

Elmar
Gununsesi.info