“Konvensiyanın ratifikasiyasının gündəmə gətirilməsini Azərbaycan və Türkmənistan amili ilə də əlaqələndirmək olar. Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənubi şərq istiqamətində isə Türkmənistandır. Hər 2 dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri mövcuddur”.
Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Bu isə İranla Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi və dəniz sərhədləri məsələsini prinsipial mövzuya çevirir. İran konvensiyanı ratifikasiya etməklə onun yaratdığı ümumi hüquqi çərçivədən istifadə edərək Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması Türkmənistan və Azərbaycanla ayrı-ayrı mübahisələrdə onun mövqeyini uzunmüddətli perspektivdə daha mürəkkəb vəziyyətə sala bilər. İndiki qeyri-müəyyənlik uzandıqca məsələ hüquqi mübahisədən daha çox siyasi qarşıdurma mövzusuna çevrilə bilərdi.
Və nəhayət bu məsələyə Şimal–Cənub dəhlizi kontekstindən də yanaşmaq olar. Burada Xəzərin hüquqi statusu ilə İranın iqtisadi maraqlarının birbaşa birləşdiyini görmək olar. Belə ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran üçün strateji əhəmiyyət daşıyır. Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın regional iqtisadi siyasətində daha vacib mövqeyə gətirir. Bu mənada İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tam hüquqlu iştirakçı olmalıdır. Başqa sözlə, Xəzərin hüquqi statusu məsələsi artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir. Buna görə də ratifikasiya İranın iqtisadi maraqlarına da xidmət edə bilər”.
Politoloq hesab edir ki, konvensiyanı ratifikasiya etmək indiki vəziyyətə nisbətən İrana bəzi üstünlüklər verir:
“İran Xəzərin hüquqi rejiminin tamhüquqlu iştirakçısına çevrilir, gələcək delimitasiya danışıqları üçün hüquqi platformanı qəbul etmiş olur, Rusiya və digər Xəzəryanı dövlətlərlə münasibətlərində əlavə hüquqi qeyri-müəyyənlik aradan qalxır. Bunlardan başqa, Xəzərdə xarici dövlətlərin hərbi iştirakına qarşı ümumi prinsip İranın da təhlükəsizlik maraqlarına xidmət etmiş olur.
İran parlamenti ratifikasiya etsə, Bakı–Tehran münasibətlərində Xəzər məsələsinin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir. Ratifikasiyadan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacağı şübhəsizdir. Bu isə öz növbəsində daha mürəkkəb prosesdir; burada söhbət siyasi bəyanatlardan yox, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və qarşılıqlı hüquqi arqumentlərdən gedəcək. Başqa sözlə, İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan–İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər. Lakin bu məsələdə Azərbaycan, Rusiya və Qazaxstan presidentinin əsas götürülmüsi mümkün hesab oluna bilər; bu, həm də beynəlxalq praktikaya uyğundur.
Beləliklə, İranın Xəzərin statusu haqqında konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını bu məsələdə İranın öz əvvəlki mövqeyindən geri çəkilməsi və Xəzərin statusu məsələsinin qəti həll olunması kimi qiymətləndirmək bir o qədər də düzgün olmazdı. Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı”.
Şəbnəm










