Milli Məclisdə vətəndaşların səhiyyə rəhbərliyinin qəbuluna düşməsi ilə bağlı səsləndirilən iradlardan sonra TƏBİB-in sosial şəbəkə hesabında baş verdiyi iddia olunan dəyişikliklər diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalist İlkin Muradov yazıb.
Jurnalistin sözlərinə görə, sentyabrın 22-də Milli Məclisdə deputat Səyyad Aran səhiyyə naziri və digər aidiyyəti şəxslərin vətəndaş qəbuluna yazılma və qəbul məsələsində yaranan çətinliklərdən danışıb. Bundan sonra Səhiyyə Nazirliyinin açıqlama yayaraq məsələyə münasibət bildirdiyi qeyd olunur.
Muradov iddia edir ki, həmin ərəfədə nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı yerləşdirilən cədvəlin aktual olmadığı, saytda 2025-ci ilə aid qəbul qrafikinin yayımlandığı üzə çıxıb.
Jurnalistin diqqət çəkdiyi digər məqam isə TƏBİB-in rəsmi “Facebook” səhifəsindəki paylaşımın sonradan dəyişdirilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, sentyabrın 18-də TƏBİB-in rəsmi səhifəsində başqa mövzuya həsr olunmuş paylaşım yerləşdirilib. İddia olunur ki, sentyabrın 22-də Milli Məclisdə vətəndaş qəbulu ilə bağlı müzakirələr aktuallaşdıqdan sonra həmin paylaşım redaktə olunaraq TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sentyabrın 25-də vətəndaş qəbulu keçirəcəyi barədə məlumatla əvəzlənib.
Hazırda TƏBİB-in rəsmi saytında Anar Bayramovun müxtəlif rayonlarda vətəndaş qəbulları keçirdiyi barədə məlumatlar da yerləşdirilib. Məsələn, qurum iyul ayında Qobustan, Şamaxı, Xızı, daha sonra isə Şirvan və Hacıqabul istiqamətində keçirilən qəbullarla bağlı xəbərlər yayıb.
Lakin İlkin Muradovun diqqət çəkdiyi məsələ konkret olaraq sentyabrın 18-dəki sosial şəbəkə paylaşımının sonradan dəyişdirilməsi iddiasıdır.
“Bunu edənlər, razılıq verənlər nə düşünüb?” – deyə jurnalist yazıb.
Muradov hesab edir ki, belə yanaşma dövlət qurumlarında vətəndaş müraciətlərinə münasibətlə bağlı suallar yaradır və qəbul mexanizminin formal xarakter daşıdığı təəssüratını formalaşdıra bilər.
Onun fikrincə, səhiyyə sistemində vətəndaşın rəhbər şəxslərə çıxış imkanlarının məhdudluğu və müraciətlərə münasibət ciddi müzakirə mövzusudur.
Qeyd edək ki, TƏBİB-in rəsmi məlumatlarında vətəndaş müraciətlərinin, o cümlədən müayinə-müalicə, əmək münasibətləri və əlillik məsələləri ilə bağlı müraciətlərin qəbul zamanı dinlənildiyi bildirilir.
İlkin Muradovun səsləndirdiyi iddialarla bağlı TƏBİB-in ayrıca mövqeyi təqdim olunarsa, onu da dərc etməyə hazırıq.
Elmar
Gununsesi.info












