“Simurqun” günahı nədir?

  • Müəllif: Orxan
  • 13 Avqust 2026 11:39

Təhsil eksperti Etibar Əliyev “Simurq” kitabxanasının bağlanmasına etiraz edib.

Gununsesi.infoxəbər verir ki, təhsil eksperti Etibar Əliyev Laçın şəhərində fəaliyyət göstərən “Simurq” kitabxanasının bağlanması ilə bağlı narazılığını bildirib.

Əliyev qeyd edib ki, tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü ildə Laçın şəhərində yaradılıb. Qısa müddət ərzində kitabxananın fondunda 4 minə yaxın kitab toplanıb.

Ekspert kitabxananın bağlanmasını “bəd xəbər” adlandıraraq bildirib ki, işğaldan azad edilmiş rayon və kəndlərdə ilk növbədə məktəb və kitabxanaların yaradılmasına diqqət göstərilməlidir.

“Ümumiyyətlə, işğaldan azad olunmuş rayon və kəndlərimizdə birinci məktəb və kitabxana qurulmalıdır”, – deyə Etibar Əliyev vurğulayıb.

O, Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin kitaba münasibətini də tənqid edib və kitabxanaların bağlanmasının, kitabxanaçıların ixtisar edilməsinin artıq təəccüblü görünmədiyini bildirib.

Etibar Əliyev fikrini belə yekunlaşdırıb: “Burada ‘Simurqun’ heç bir günahı yoxdur”.

Elmar

Gununsesi.info