Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la münasibətlər və Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı gözləntilərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Ərdoğan ABŞ Prezidenti Donald Trampın F-35 qırıcıları ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiklərini bildirib.
“Hazırda əlbəttə ki, cənab Trampın F-35 təyyarələri ilə bağlı verdiyi sözü yerinə yetirməsini gözləyirik. O, bizə F-35-lərlə bağlı söz verib və bu vədin yerinə yetirilməsi Türkiyə baxımından mühüm əhəmiyyət daşıyır. Bu sözü gözləyirik”, – deyə Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində bildirib.
Türkiyə ilə ABŞ arasındakı əsas məsələlərin nədən ibarət olduğu barədə suala cavab verən Türkiyə Prezidenti gündəmdə bir neçə mühüm mövzunun olduğunu deyib.
“Dosyelər çoxdur. Müdafiə sənayesi ilə bağlı məsələlər var. Bununla yanaşı, ticarət dövriyyəsi ilə bağlı atdığımız addımlar və atacağımız addımlar mövcuddur”, – Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti Ankara-Vaşinqton münasibətlərində İsrailin tərəf olmadığını xüsusi vurğulayıb.
“Biz burada İsraili heç bir şəkildə masaya gətirməmişik. Burada bizim tərəf müqabilimiz Amerikadır. Bu məsələləri Amerika ilə müzakirə etməklə addımlarımızı atırıq və atacağıq”, – deyə Ərdoğan bildirib.












