Milli Məclisin deputatı Fazil Mustafa tarixçi alim Nəsib Nəsibliyə qarşı sosial şəbəkələrdə aparılan tənqidlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, deputat deyib ki, “diplomlu qaragüruh” Nəsib Nəsiblinin üzərinə hücuma keçib.
Onun sözlərinə görə, tarixçinin “suçu düşündüyü həqiqətləri yazmaqdır”.
“‘Biz deyəni niyə yazmırsan?’ tələbi ilə sosial şəbəkədə əsl qaragüruh etiraz nümayişi keçirir. Onlarla dəyərli tədqiqatların müəllifi, professor Nəsib Nəsibliyə də “Sən haranın alimi oldun?” deyirlər”, – deyə Fazil Mustafa qeyd edib.
Deputat bildirib ki, həqiqətlər üzə çıxdıqca bəzi dissertasiya və məqalələrin, eləcə də elmi titulların dəyərinin şübhə altına düşəcəyindən ehtiyat edənlər müqavimət göstərirlər.
Fazil Mustafa Nəsib Nəsibliyə qarşı tənqidlərdə “ən çox tərbiyəsizlik edən şəxsin qonşu ölkənin ən fəal təbliğatçısı kimi tanınan və qatı Türkiyə düşməni olan bir partiya rəhbəri” olduğunu iddia edib.
O, bu vəziyyəti Azərbaycanın gələcəyi üçün “düşünülmüş təhlükənin siyasi kodu” kimi qiymətləndirib.
“Şimal hazırlamış, Cənuba ötürmüş. Hər ikisi də öz sürüsünü bizim otlağa buraxmış və kənardan durumumuzu izləyirlər”, – deyə deputat yazıb.
Fazil Mustafa, həmçinin, Azərbaycanda özünü mühafizəkar, ABŞ-da isə liberal kimi təqdim edən şəxsləri də tənqid edib.
“Üzünü qaranlıq keçmişə, dalını gələcəyə çevirənlər Azərbaycanda mühafizəkar, ABŞ-da liberal olmağı necə ustalıqla bacarırlar”,- deyə o əlavə edib.
Orxan












