Taxıl, ət, qarğıdalı bahalaşır – Dünya ərzaq böhranına gedir

  • Müəllif: Orxan
  • 22 Avqust 2026 09:47

Yaxın Şərqdə münaqişənin dərinləşməsi və Hörmüz boğazında nəqliyyatın dayanması qlobal xammal bazarlarında ciddi risklər yaradıb.

Gununsesi.info xəbər verir ki, regionda mümkün təchizat problemləri yalnız neft qiymətlərinə deyil, ərzaq məhsulları, gübrə, metallar və digər xammal məhsullarına da təsir göstərə bilər.

Münaqişədən əvvəl Yaxın Şərq dünya bazarına əhəmiyyətli həcmdə müxtəlif xammal məhsulları çıxarırdı. Regionun qlobal istehsal və tədarükdə alüminium, karbamid, susuz ammonyak, sement, texniki kükürd və fosfat kimi məhsullar üzrə ciddi payı var.

Hörmüz boğazında mümkün uzunmüddətli blokada isə bu məhsulların daşınmasında problemlər yarada, nəticədə dünya bazarında qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.

Son dövrdə əmtəə bazarlarında da bahalaşma müşahidə olunur. Məsələn, kənd təsərrüfatı məhsullarını izləyən Invesco DB Agriculture Fund (DBA) son altı ayda 11%-dən çox, sənaye metallarını əhatə edən Invesco DB Base Metals Fund (DBB) isə təxminən 9,4% yüksəlib.

Ən böyük risklərdən biri ərzaq bazarı ilə bağlıdır. Münaqişənin uzun müddət davam etməsi gübrə və enerji qiymətlərinin artmasına, logistikanın çətinləşməsinə və bunun nəticəsində buğda, qarğıdalı, ət, tərəvəz və digər ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər.

Bu proses xüsusilə ərzaq idxalından asılı və iqtisadi imkanları məhdud ölkələr üçün ciddi problem yarada bilər. Eyni zamanda inkişaf etmiş ölkələrdə də inflyasiyanın yenidən sürətlənməsi riski artır.

Ekspert qiymətləndirmələrinə görə, münaqişənin daha altı ay davam etməsi qlobal kənd təsərrüfatı bazarında ciddi böhrana səbəb ola bilər. Bu səbəbdən ABŞ və digər ölkələrin əsas məqsədlərindən biri Yaxın Şərqdə münaqişənin mümkün qədər tez dayandırılması və sabitliyin bərpasıdır.

Gununsesi.info