Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün əhəmiyyəti son illərdə daha da artır. Ölkəmiz təşkilatın üzvü olmasa da, dialoq tərəfdaşı kimi burada iştirak edir.
Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsində bu əməkdaşlığın mühüm rolu var.
Bəs Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün hansı imkanları yaradır?
Mövzu ilə bağlı Gununsesi.info-ya iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, son illərdə ölkəmizə verilən yüksək səviyyəli statuslar və Azərbaycanın bu qurumda iştirakının artması Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmiz üçün əhəmiyyətinin yüksək olduğunu göstərir.

İqtisadi baxımdan əsas istiqamətlərdən birinin nəqliyyat və daşımalar olduğunu vurğulayan iqtisadçı bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Çin, Mərkəzi Asiya, o cümlədən Rusiya, Hindistan, Pakistan və İran kimi ölkələrin bazarlarını əhatə edir.
“Azərbaycan isə məhz Orta Dəhliz vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bu baxımdan belə əməkdaşlıq Asiya ilə Avropa, eləcə də adıçəkilən ölkələr arasında yükdaşımaların, ticarətin və sərmayələrin artması üçün geniş imkanlar yaradır.
Digər tərəfdən, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanla münasibətləri davamlı olaraq genişlənir. Bu genişlənmə Prezidentin ardıcıl səfərləri, eyni zamanda Mərkəzi Asiya respublikalarının rəhbərlərinin Azərbaycana səfərləri ilə özünü göstərir və Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətləri daha yüksək səviyyəyə qaldırır.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti və bu coğrafiyada keçirilən görüşlər Azərbaycanla Mərkəzi Asiya respublikaları arasında əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılmasına şərait yaradır.
Bütövlükdə götürdükdə, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün Mərkəzi Asiya və Çin istiqamətində iqtisadi əlaqələrin şaxələndirilməsi, nəqliyyat və daşınma imkanlarının genişləndirilməsi, yeni bazarlara çıxış, eyni zamanda həmin bazarlardan sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır”.
Şəbnəm Rəhimova












