Deputat: “Azərbaycan Bişkekdə özünü Avrasiyanın nəqliyyat xəritəsində mühüm ölkə kimi təqdim etdi”

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 14:49

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Zirvə toplantısında iştirakı ölkənin yalnız siyasi deyil, həm də iqtisadi, nəqliyyat və enerji imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir.

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Elnarə Akimova bildirib ki, Azərbaycanın coğrafi mövqeyi son illərdə xarici siyasətin mühüm üstünlüklərindən birinə çevrilib.

Onun sözlərinə görə, Xəzərin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtələrindən biridir və Orta Dəhlizin inkişafı bu rolu daha da gücləndirir.

“Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması artıq sadəcə nəzəri layihə deyil. Bu marşrutun inkişafı Azərbaycanın nəqliyyat xəritəsindəki rolunu artırır”, – deyə deputat qeyd edib.

Akimova vurğulayıb ki, ŞƏT məkanında nəqliyyat və logistika məsələlərinin gündəmin mühüm istiqamətlərindən biri olması Azərbaycanın maraqları ilə birbaşa üst-üstə düşür.

“Azərbaycan Bişkekdə yalnız siyasi danışıq aparmırdı. Özünü həm də Avrasiyanın nəqliyyat xəritəsində vacib ölkə kimi təqdim edirdi. Bu isə gələcəkdə investisiyalar, tranzit gəlirləri, yeni logistika imkanları və regional ticarətin genişlənməsi deməkdir”, – deyə deputat bildirib.

Deputat Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin də strateji xarakter aldığını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla əlaqələr artıq yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır, nəqliyyat, enerji, investisiya, rəqəmsal texnologiyalar və ticarət sahələrində konkret əməkdaşlıqla möhkəmlənir.

Parlamentari bildirib ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropaya çıxış imkanlarından biri, Mərkəzi Asiya isə Azərbaycan üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradan mühüm tərəfdaşdır.

Deputat həmçinin enerji əməkdaşlığının da bu prosesdə xüsusi yer tutduğunu qeyd edib.

O bildirib ki, Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Yaşıl enerji, elektrik enerjisinin ötürülməsi, Xəzərin enerji potensialından istifadə və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı yeni imkanlar yaradır.

“Xəzər iki sahili ayıran coğrafi sərhəd olmaqdan çıxaraq onları birləşdirən iqtisadi körpüyə çevrilir”, – deyə – Akimova vurğulayıb.

Onun sözlərinə görə, Bişkek sammiti Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin daha geniş ŞƏT platforması ilə əlaqələndirilməsi baxımından da mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Orxan

Gununsesi.info