Rusiya Almaniyaya qarşı cavab tədbiri görüb

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 19:42

Almaniya ilə Rusiya arasında Leipzig Hava Limanına hücum cəhdi ilə başlayan gərginlik davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun sentyabrın 18-dək bağlanacağını açıqlayıb.

Bundan başqa, Rusiyadakı “Goethe-Institut” mədəniyyət mərkəzlərinin fəaliyyətinə son qoyulacaq. Mərkəzin əməkdaşları sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.

Rusiya XİN bildirib ki, iki ölkə arasında münasibətlərdə yeni gərginlik mərhələsini Almaniya hakimiyyəti başladıb. Nazirlik yaranacaq nəticələrə görə məsuliyyətin Almaniya hökumətinin üzərinə düşdüyünü qeyd edib.

Bundan əvvəl Almaniya Rusiyanın Bonndakı konsulluğunun bağlanacağını və Berlindəki “Rus Evi”nin yerləşdiyi binadan çıxarılacağını açıqlamışdı.

Qeyd edək ki, avqustun 4-də Leipzig Hava Limanında Ukraynaya hərbi yük daşıdığı bildirilən “Antonov” tipli yük təyyarəsinin yaxınlığında partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Detonatorun nasaz olması səbəbindən hücum baş tutmayıb.

Hadisə ilə bağlı Almaniya polisi təxribat ehtimalı ilə araşdırma başladıb. Rusiya isə hücum cəhdinin arxasında olduğu barədə ittihamları rədd edib.

 

Banu 

Gununsesi.info