Siyasi şərhçi: “Azərbaycan TDT-nin inkişafında ən aktiv ölkələrdən biridir”

  • Müəllif: Orxan
  • 18 Sentyabr 2026 15:56

Politoloq Turan Rzayev Türk Dövlətləri Təşkilatının (TDT) gələcək perspektivləri və Azərbaycanın təşkilat daxilindəki rolu ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, politoloq qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 17-də TDT Baş katibi Kubanıçbek Ömüralıyev və təşkilata üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edərkən səsləndirdiyi fikirlər təşkilatın gələcək fəaliyyət istiqamətlərini anlamaq baxımından əhəmiyyətlidir.

Turan Rzayevin sözlərinə görə, Azərbaycan hazırda TDT-nin inkişafında və güclənməsində maraqlı olan ən aktiv ölkələrdən biridir:

“Təşkilat uzun müddətdir mədəni, tarixi, iqtisadi sahələrdə mühüm irəliləyiş əldə edib”.

Politoloq Prezident İlham Əliyevin TDT-nin fəaliyyətinə dair fikirlərinə də diqqət çəkib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışında təşkilatın beynəlxalq arenadakı rolunun və mövqeyinin gücləndirilməsi əsas hədəflərdən biri kimi önə çıxıb.

Rzayev bildirib ki, TDT artıq yalnız mədəni və tarixi yaxınlıq üzərində qurulan əməkdaşlıq platforması kimi deyil, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində koordinasiyanın gücləndirildiyi struktur kimi nəzərdən keçirilir.

Politoloq qeyd edib ki, təhlükəsizlik anlayışı da yalnız sərhədlərin qorunması və hərbi təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır:

“Elə Prezidentin çıxışında da təhlükəsizlik anlayışı enerji marşrutlarından tutmuş gənclərin dünyagörüşünə, beynəlxalq hüququn işləkliyindən ictimai-siyasi sabitliyə qədər uzanır. Məncə, bu yanaşma Bakının TDT çərçivəsində əməkdaşlığa necə baxdığını anlamaq üçün əsas açardır”.

Onun fikrincə, son günlər Bakıda türk dövlətlərinin dini liderlərinin, daha sonra isə təhlükəsizlik şuralarının katiblərinin görüşlərinin keçirilməsi də təşkilat daxilində əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dərinləşdiyini göstərir.

Rzayev hesab edir ki, Azərbaycanın TDT-dəki rolunu gücləndirən əsas amillərdən biri ölkənin geostrateji mövqeyidir. Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən əlaqələr, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, enerji və nəqliyyat layihələrindəki imkanlar Azərbaycanın təşkilat daxilindəki təşəbbüskar mövqeyinə təsir edən amillər kimi göstərilir.

Orxan

Gununsesi.info