Azərbaycanda ağciyər xəstələri üçün yeni müalicə imkanı yaradılır
Gununsesi.info xəbər verir ki, 2027-ci ildən Azərbaycanda ağciyər və ürək-ağciyər transplantasiyalarının həyata keçirilməsi nəzərdə tutulur. Bu, ağır və son mərhələdə olan ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yeni müalicə imkanları yarada bilər.
Ağciyər transplantasiyası zamanı xəstənin fəaliyyətini itirmiş bir və ya hər iki ağciyəri donor orqanla əvəz olunur. Bu əməliyyat əsasən digər müalicə üsullarının kifayət etmədiyi ağır xəstəliklər zamanı aparılır.
Ağciyər transplantasiyasına ehtiyac yarada bilən xəstəliklər arasında ağciyər fibrozu, xroniki obstruktiv ağciyər xəstəliyi, kistik fibroz və digər ağır ağciyər xəstəlikləri var.
Transplantasiya zamanı donor ağciyərin vaxtında əldə olunması və xəstəyə çatdırılması çox vacibdir. Rəsmi məlumatlara görə, ağciyər transplantasiya üçün təxminən 4–6 saat qoruna bilir. Buna görə donor orqanın əldə edilməsindən əməliyyata qədər bütün işlər qısa müddətdə həyata keçirilməlidir.
Ağciyər transplantasiyası üçün əsas şərtlərdən biri uyğun donor orqanın olmasıdır. Buna görə orqan donorluğu bu sahənin inkişafında mühüm rol oynayır.
Orqan bağışlamaq qərarı transplantasiyaya ehtiyacı olan xəstələrə həyat şansı verə bilər. Donor orqanların sayının artması transplantasiya gözləyən xəstələrin müalicə imkanlarını da genişləndirir.
Azərbaycanda transplantasiya xidmətlərinin genişləndirilməsi ilə yanaşı, ağciyər transplantasiyasının da ölkədə həyata keçirilməsi bu sahədə yeni imkanlar yarada bilər.
Vüsal Artyom












