Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı sərəncam imzalayıb.
Maraqlıdır ki, budəfəki əfv sərəncamının Əfv Məsələləri Komissiyasının əvvəlcədən apardığı müzakirələrin nəticəsi olmadığı bildirilir.
Mətbuat Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında bildirib ki, əfv sərəncamını imzalamaq dövlət başçısının müstəsna səlahiyyətidir və Prezident bu səlahiyyətindən istifadə edərək sərəncamı öz təşəbbüsü ilə imzalaya bilər.

Onun sözlərinə görə, komissiya üzvləri də sözügedən sərəncam barədə məlumatlıdırlar.
“Əfv Sərəncamı cənab Prezidentin müstəsna səlahiyyətidir və o, necə məsləhət bilirsə, o cür də imzalaya bilər. Sözügedən Sərəncamdan da komissiya üzvləri məlumatlıdırlar. Biz də cənab Prezidentə təşəkkür edirik ki, belə bir Sərəncam imzalayıb növbəti dəfə”, – deyə Rəşad Məcid bildirib.
Komissiya üzvünün sözlərinə görə, Əfv Məsələləri Komissiyasının iclasları yanvar ayından sonra başlayacaq. Bu mərhələdə daxil olan bütün müraciətlərə baxılacaq və hər bir müraciət üzrə ayrıca münasibət bildirildikdən sonra materiallar Prezidentə təqdim olunacaq.
“Komissiyanın iclasları isə yanvar ayından sonra başlayacaq, bütün müraciətlər də müzakirə olunacaq. Ayrılıqda münasibət bildiriləndən sonra cənab Prezidentə təqdim olunacaq. Bu Sərəncam isə Prezident İlham Əliyevin öz təşəbbüsü ilə, müstəsna səlahiyyəti olan Sərəncam idi”, – deyə o qeyd edib.
Orxan












