Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev rəhbərlik etdiyi komitə və Əmək və sosial siaysət komitəsinin sentyabrın 25-də keçirilən birgə iclasında deyib.
O əlavə edib ki, burada xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq: “Yəni təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq.
Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq”.
A.Nağıyev söyləyib ki, hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib:
“Həmçinin hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir. İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək. Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.
Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq”.
Komitə sədri onu da qeyd edib ki, eyni vəzifədən pul təminatı islahatından əvvəl və sonra olmaqla pensiyaya çıxan 2 hərbi qulluqçunun pensiya məbləğləri bir neçə dəfə fəqlənəcək və pensiyaçılar arasında qeyri-bərabərlik yaradacaq:
“Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq.
Xatırladım ki, ölkəmizdə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqları və pensiyaları orta hesabla 2 dəfə artıb. Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək”.












