Sentyabrın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan arasında Nyu-Yorkda görüş keçirilib.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Tərəflər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayıb, 2025-ci ildə Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra prosesdə qeydə alınan irəliləyişi müzakirə ediblər.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev görüşü şərh edərkən bildirib ki, danışıqlarda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələrinin inkişaf etdirilməsi sülhün praktiki faydalarının nümayiş etdirilməsi baxımından mühüm vasitə ola bilər.
Politoloq qeyd edib ki, hazırda iki ölkə arasında iqtisadi əlaqələr müəyyən məhsulların qarşılıqlı satışının həyata keçirilməsi ilə məhdudlaşsa da, gələcəkdə bu münasibətlərin genişləndirilməsi üçün imkanlar mövcuddur:
“Əslində, iqtisadi münasibətlərin inkişaf etdirilməsi siyasi dialoqun və sülh prosesinin möhkəmlənməsinə xidmət edə biləcək istiqamətlərdəndir. Tərəflər arasında ticarət və tranzit əlaqələri artdıqca qarşılıqlı iqtisadi maraqlar da genişlənir. Bu isə uzunmüddətli perspektivdə münasibətlərin normallaşması üçün əlavə zəmin yarada bilər”.
Turan Rzayev enerji məsələsinə də diqqət çəkib.
Politoloqun fikrincə, Azərbaycanın gələcəkdə Ermənistanın enerji təminatında müəyyən rol alması iki ölkə arasında qarşılıqlı asılılığın və iqtisadi əlaqələrin artmasına səbəb ola bilər.
O bildirib ki, bu cür əlaqələrin genişlənməsi eyni zamanda sülh prosesindən mümkün geriçəkilmələrin iqtisadi və siyasi nəticələrini də artıra bilər.
“Bu kontekstdə Azərbaycanın Ermənistanın enerji asılılığının müəyyən hissəsini öz üzərinə götürməsi və enerji təminatında rol alması xüsusi əhəmiyyət daşıya bilər. Gələcək əlaqələrin genişlənməsi Ermənistan tərəfinin sülh prosesindən geri çəkilməsinin iqtisadi və siyasi nəticələrini də artıra bilər”, – deyə politoloq vurğulayıb.
Elmar












