“Hicab qadağası” ilə bağlı rəsmi qurumlar açıqlama verməlidir - Politoloq

  • Müəllif: Orxan
  • 05 Oktyabr 2026 11:37

Türkiyədə fəaliyyət göstərən ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) təşkilatı Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib.

Aksiyanın Azərbaycanda “hicab qadağası” tətbiq edildiyi iddiasına etiraz məqsədilə təşkil olunduğu bildirilib.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı politoloq Turan Rzayev də münasibət bildirib.

O, Azərbaycanda “hicab qadağası” ilə bağlı xəbərlərin xüsusilə müsəlman ölkələrinin informasiya resurslarında geniş yayılmasından narahatlığını ifadə edib.

Politoloqun sözlərinə görə, Azərbaycanda məktəbli geyimləri ilə bağlı Nazirlər Kabinetinin qərarında “hicab qadağandır” ifadəsi yer almır.

“Lakin buna rəğmən “hicab qadağası” deyə bir şey ortaya çıxdı. Ən pisi də bəzi məktəblərdə hicablı qızların dərsə buraxılmadığını əks etdirən görüntülərin sosial şəbəkələrdə geniş şəkildə tirajlanmasıdır”, – deyə Turan Rzayev qeyd edib.

Politoloq bildirib ki, şəxsi müşahidələri zamanı hicablı şagirdlərin məktəbə gedib-gəldiyinin şahidi olub və bəzi hallarda həmin şagirdlərin təhsil aldıqları məktəblərə daxil olaraq heç bir problemlə üzləşmədiklərini müşahidə edib.

Turan Rzayev hesab edir ki, məsələ ilə bağlı Azərbaycan dövlət qurumlarının rəsmi və aydın açıqlama verməsi vacibdir.

“Rəsmi qurumlar məsələyə açıqlama verməli, müzakirələrə son qoymalıdır. Çünki bu məsələnin fəsadları çox böyük ola bilər”, – politoloq vurğulayıb.

Onun fikrincə, məsələ bir sıra sosial və siyasi risklər yarada bilər. Rzayev mümkün risklər sırasında inanclı şəxslərin dövlətə münasibətinin mənfi istiqamətdə dəyişməsini, bəzi ailələrin övladlarını təhsildən yayındırmasını və uşaqların alternativ dini təhsil ocaqlarına yönləndirilməsini qeyd edib.

Politoloq həmçinin məsələnin xarici təsir və informasiya müharibəsi kontekstində qiymətləndirilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda din amili üzərindən təsir göstərməyə çalışan xarici qüvvələr mövcuddur və “hicab qadağası” barədə təsdiqlənməmiş və ya qeyri-müəyyən məlumatların geniş yayılması həmin qüvvələrin təsir imkanlarını artıra bilər.

Turan Rzayev məsələni Azərbaycanın beynəlxalq imici və iqtisadi maraqları baxımından da əhəmiyyətli hesab edir.

“Faktiki olaraq, bu əsası və mənbəsi məlum olmayan iddia ucbatından bütün müsəlman dünyasında Azərbaycanda hicab qadağasının olduğu zənn edilir”, – deyə politoloq bildirib.

Rzayev hesab edir ki, bu səbəbdən məsələyə dövlət qurumları tərəfindən aydınlıq gətirilməsi yalnız dini və sosial baxımdan deyil, həm də ölkənin informasiya təhlükəsizliyi, beynəlxalq imici və iqtisadi maraqları baxımından əhəmiyyət daşıyır.

Orxan

Gununsesi.info