Arvadını döyən direktor müavini cinayət məsuliyyətindən azad edildi

  • Müəllif: Orxan
  • 05 Oktyabr 2026 09:51

Bakı şəhəri Xətai Rayon Məhkəməsi həyat yoldaşını döyərək ona yüngül xəsarətlər yetirməkdə təqsirləndirilən şəxslə bağlı qərar qəbul edib.

Gununsesi.info-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1984-cü ildə Ermənistanın Amasiya rayonunda anadan olan, ali təhsilli, evli və peşə məktəbinin direktor müavini işləyən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Onun əvvəllər məhkumluğu olmayıb.

İttihama görə, hadisə 2026-cı ildə saat 18:00 radələrində baş verib. Təqsirləndirilən şəxs birlikdə yaşadığı həyat yoldaşının yeməyi gec qızdırmasını bəhanə edərək onun başına və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib.

Nəticədə qadının sağ pəncə-aşıq baldır oynağında yumşaq toxumaların şişməsi, əzilmə, dərialtı hematoma və hərəkət məhdudluğu, həmçinin sağ dirsək nahiyəsində sıyrıq yaranıb.

Məhkəmə-tibbi ekspertiza bu xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma kimi qiymətləndirib.

Məhkəmə materiallarında həmçinin təqsirləndirilən şəxsin hadisə zamanı yüngül sərxoşluq vəziyyətində olduğu göstərilib.

İşə baxılarkən zərərçəkmiş qadın ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı ilə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və onunla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Təqsirləndirilən şəxs də özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və həyat yoldaşı ilə barışdığını qeyd edib.

Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışan və dəymiş ziyanı tam ödəyən şəxsin cinayət məsuliyyətindən azad edilə biləcəyini nəzərə alıb.

Beləliklə, Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və onun CM-nin 128-ci maddəsi ilə bağlı cinayət təqibinə xitam verib.

Elmar

Gununsesi.info