Günlərdir Gürcüstanla Azərbaycan arasında Qafqaz Albaniyası irsi ətrafında gedən mübahisələrin nə ilə yekunlaşacağını izləyirik. Əslində, bu mübahisəni Azərbaycandakı diplomatların Gəncəsər monastır kompleksi və Xudavəng kilsəsini ziyarət etməsi, Prezidentin köməkçisi Hikmət Hacıyevin bu abidələrin qədim alban xristian irsinin ayrılmaz hissəsi olduğunu onların diqqətinə çatdırması tətiklədi.
Sosial şəbəkələrin erməni seqmenti onilliklər ərzində beynəlxalq ictimaiyyətə sırıdıqları miflərin hər gün bir az daha dağılıb yerlə yeksan olduğunu hiss etməyə başladı. Axı onların uydurduğu bir obraz var: “Altaylardan gəlmiş barbar türk tayfalarının islamlaşmış variantı olan azərbaycanlılar. Onlar ermənilərin min illər ərzində mövcud olduğu, qurduğu, yaşatdığı sivilizasiyanı və mədəniyyəti məhv etməklə məşğuldurlar. İndi də etnik təmizləmə siyasəti apararaq ermənilərə məxsus irsi yer üzündən silirlər”.
Nəhayət, ermənilər öz xorlarına qoşmaq üçün yeni səslər tapıblar – Qafqazın digər xristian xalqı olan gürcüləri.
Normalda qriqoryan ermənilərlə pravoslav gürcülər arasında mədəni, dini, siyasi və etnik ixtilaflar mövcuddur. Ermənilər Azərbaycanla yanaşı, Gürcüstanın da bəzi ərazilərinə iddia edirlər. Üstəlik, Qafqazda hansı xristian icmasının daha qədim və üstün olduğuna dair heç vaxt səngiməyən qarşıdurma içindədirlər.
İndi isə necə oldusa, ermənilərlə gürcülər bir anda eyni xora qoşuldular: “Ay-haray, qoymayın, müsəlmanlar Qafqaz Albaniyasına sahib çıxmağa başlayıblar və bölgədəki erməni-gürcü kilsələrini alban irsinin yadigarları elan edirlər”.
Qonşu xorunun səbəblərini xırdalamamışdan əvvəl ölkəmizdə hamının, ən başda da bu istiqamətdə tədqiqatlar aparan tarixçilərin bilməli olduğu bəzi məsələləri gün üzünə çıxarmağa çalışaq.
“Kürmük” məbədi və onun tarixi
Əvvəla, ondan başlayaq ki, son günlər gürcü seqmentinin nəfəsini dərmədən müdafiəsinə qalxdığı “Kürmük” məbədi Qax rayonunda, Kürmük çayının yaxınlığında yerləşir. Məbədin ilkin qalıqları Qafqaz Albaniyası dövrünə, təxminən I–III əsrlərə aid edilir. 2006-cı ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində burada müxtəlif dövrlərə aid tikinti və yenidənqurma mərhələlərinin olduğu müəyyənləşdirilib.
Mövcud tikili XIX əsrin sonlarında, Çar Rusiyası dövründə – 1892–1894-cü illərdə qədim məbədin qalıqları üzərində inşa edilmiş “Müqəddəs Georgi kilsəsi” adlı dini təsisatdır.
Kürmük həmçinin bölgədə müsəlman və xristian əhalinin ziyarət etdiyi, may və noyabr aylarında Kürmükoba mərasimlərinin keçirildiyi məkandır. Onun alban irsinə məxsus olduğunu tarixi mənbələrlə yanaşı, bu sətirlərin müəllifinin ailə bağları və xatirələri də təsdiqləyir.
Alban Apostol Kilsəsi necə yox oldu?
Alban Apostol Kilsəsi 1830-cu ildən başladılan proses nəticəsində Çar Rusiyasının Müqəddəs Sinodunun qərarı və müvafiq Əsasnamə əsasında 1836-cı il martın 11-də rəsmən ləğv edildi.
Alban Apostol Kilsəsinin – Erməni Apostol Kilsəsi ilə qarışdırmaq olmaz – ləğvindən sonra onun yeparxiyaları, eləcə də maddi-mənəvi irsi və mülkiyyəti erməni Qriqoryan kilsəsinin tabeliyinə verildi. İlk dövrlərdə Azərbaycan vilayətlərindəki bir çox kilsələr Qriqoryanlığa tabe edildi.
XIX əsrin 50-ci illərində Çar Rusiyası ipə-sapa yatmayan, üsyanlar çıxararaq heç bir şəkildə imperiyaya tabe olmaq istəməyən Car-Balakən camaatlığı ərazisində pravoslavlığa itaət edən dini kütlə yaratmaq ideyasını ortaya qoydu. Beləcə, bölgədə alban kilsələrinin xarabalıqları üzərində pravoslav kilsələri tikildi və imperiyanın özünə xristian icması daxilində dayaq yaratmasına çalışıldı.
“Kürmük” də onlardan biri idi. Məbəd bərpa edildi, xaçları və altar hissəsi dəyişdirildi və “Müqəddəs Georgi” adlandırıldı.
Beləliklə, Qafqaz Albaniyasından qalan kilsələrin bir qismi zamanla aşındı. Yerli əhalinin İslama keçməsi də kilsələrin bərpasına marağın azalmasına səbəb oldu. Həmçinin pravoslav Çar Rusiyasının təbəəliyində olan müsəlman əhalinin qədim alban kilsə irsinə sahib çıxması mümkün deyildi.
Kürmük “Müqəddəs Georgi” pravoslav kilsəsinə çevrildiyi üçün gürcülərin ora ibadət etmək məqsədilə axın etməsi müəyyən mənada başa düşüləndir. Günümüzdə də kimsə bunu onlara qadağan etməyib. Əksinə, yerli icra strukturları kilsə günlərində onların normal ibadəti üçün lazım olan şəraiti yaradır.
Üstəlik, Qaxın xristian ingiloyların yaşadığı bütün kəndlərində kilsələr inşa edilib və onların ibadəti sərbəstdir. Sovet dövründə bölgədə məscidlərin bir qismi müsəlmanların ibadəti üçün bağlanaraq anbara, saxlanc yerinə və s. çevrilsə də, kilsələrə münasibət fərqli olub.
“Sonuncu alban”a nə oldu?
“Kürmük” alban məbədi əvvəl erməni, sonra gürcü kilsəsinə tabe etdirilməzdən qabaq kimə məxsus idi?
Yerli əhalinin yaşlı nəslindən olanların mülahizəsinə görə, Kürmük yeparxiyasının sonuncu yepiskopu “Qara keşiş” adlandırılan, əslən Qaxın Zəyəm kəndindən olan İosif (Yusif) idi.
O, öz icması ilə birlikdə “Kürmük” məbədinin Qriqoryan kilsəsinə tabe etdirilməsi ilə barışmamış və buna görə də 1836-cı ildən İlisu sultanlığının ləğvinə – 1844-cü ilə qədər müqavimət göstərmişdi.
Qafqaz canişinliyi kilsə mübahisəsinə birdəfəlik son qoymaq üçün öz təbəələrini Qara keşişi həbs etdirmək məqsədilə göndərir. Lakin o, dini etiqadını dəyişməkdənsə, ölümü üstün tutur.
Çarın adamlarının kilsəyə sığınan şəxsə toxunmayacağını düşünərək bir neçə gün oradan çıxmır. Axırda qərar verilir ki, kilsənin qapıları qırılsın və keşiş tutulsun. Keşiş kilsənin o zaman heç kəsin bilmədiyi gizli qapısından çıxaraq özünü qayalıqdan aşağı atır.
Təbəələr üç gün kilsə ətrafında keşik çəkərək yerlilərin keşişin nəşini götürməsinə icazə vermirlər. Üç gün sonra ərazini tərk edirlər. Cəsarətli icma üzvləri gecə məşəl yandıraraq keşişin nəşini kol-kos basmış qayalıqdan çıxarır və kilsədə dəfn edirlər. Arxeoloqlar Kürmük kilsəsinin bərpası zamanı onun içindən vaxtilə orada dəfn olunmuş müqəddəslərin sümüklərinin çıxdığını təsdiqləyiblər.
Qayalara dəyərək cırılan xaç tikməli cübbəsi, qaş hissəsinə alban xaçı işlənmiş gümüş üzüyü və digər əşyaları sovet dövrünə qədər ailəsinin sandığında qorunur. Sonra ailə onları sovet xüsusi xidmət orqanlarından (OQPU – Birləşmiş Dövlət Siyasi İdarəsi) qorumaq üçün Qanıx çayının o biri sahilində yaşayan tanış Şirak ailəsinə verir və həmin əşyalar bir daha geri qayıtmır.
Kürmük yeparxiyasının sonuncu albanı Qara keşişin nəsilləri hazırda Zəyəm kəndində yaşayırlar.
Təkcə Kürmük deyil, Yeddi Kilsə monastırına da iddiaçıdırlar
Qaxın Ləkit kəndi ərazisində, məşhur Mamırlı şəlaləsindən Ləkit-Kötüklü kəndinə doğru gedən dağlıq ərazidə “Yeddi Kilsə monastırı” deyilən nəhəng kilsə kompleksinin qalıqları var. Təqribən IV–V əsrlərə, Qafqaz Albaniyası dövrünə aid edilir.
Qalıqları da onun dairəvi alban məbəd kompleksi olduğunu elmi cəhətdən sübut etmək üçün yetərlidir. Yerləşdiyi ərazi dağlıq, yolu isə çətin olduğundan ora çox adam getmir. Turistlərin əksəriyyəti də burada belə bir kompleksin olduğundan xəbərsizdir.
Albanlar “Tanrıya yaxın olmaq” və “duaları ona tez çatsın deyə” ibadətgahlarını dağların mümkün qədər hündür yamaclarında inşa edirdilər.
Jurnalist marağı üstün gəldiyindən mən bölgənin ən yaxşı bilicilərindən biri olan tarix müəllimimlə (Məcid Mehrani) birlikdə dəfələrlə orada olmuşam, özümlə çox sayda yerli və xarici qonaq apararaq qədim alban irsimizin izlərini göstərmişəm.
Ötən ilki səfərimdə ilk dəfə Gürcüstandan gələn insanların dəstə-dəstə ora getdiyini, xarabalıqlar üzərində şam yandıraraq ibadət etdiklərini, göz yaşı axıtdıqlarını, şəkil və videolar çəkdiklərini gördüm. Aralarında gürcü jurnalist və blogerlər da vardı. Onların “stand-up”ları diqqətimi çəkdi: “Saingilo”nun – gürcülər Qax-Balakən ərazisini belə adlandırırlar – qədim Gürcüstan olduğu, bu ərazilərin də öz antik kilsələri ilə birlikdə gürcülərin mirası sayıldığı bildirilirdi.
Beləcə, bir daha əmin oldum ki, bu yanaşma təkcə “Kürmük” məbədi ilə məhdudlaşmır. Lakin bu, yeni məsələ deyil.
Bölgə Gürcüstanın tarix ədəbiyyatında “Qədim Gürcüstan” kimi təsvir edilir
Georgi Qamxaraşvilinin 1960-cı ildə Tiflisdə nəşr olunmuş “Saingilo: qısa baxış” kitabı var. Kitabda Qax, Zaqatala və Balakən rayonlarındakı qədim məbədlərin və kilsələrin illüstrasiyaları yer alır. Onların altında “qədim gürcü kilsəsi”, “qədim gürcü abidəsi” kimi ifadələr yazılıb.
İndi ingiloyluqdan tamamilə uzaqlaşaraq türkləşmiş Zəyəm kəndi belə “qədim gürcü kəndi”, oradakı xaçlı alban qəbirləri isə “qədim gürcü qəbirləri” kimi təqdim olunub.
Bu kitab özündən əvvəl dərc edilmiş gürcü müəlliflərin əsərlərinə istinadən yazılıb: M.Q. Canaşvilinin “Saingilo” (Tiflis, 1910, 231 səhifə), Z. Edilinin “Saingilo” (Tbilisi, 1947, 181 səhifə), M. Dumbadzenin “Şərqi Kaxetinin (Saingilonun) tarixindən” (Tbilisi, 1953) və s.
Bu kitablardakı materialların Gürcüstanda orta məktəblərin tarix kitablarına salınaraq “Qədim Gürcüsatn tarixi” kimi tədris edildiyi bildirilir.
Sonralar valideynlərimdən və müəllimlərimdən öyrəndim ki, gürcülər bölgəmizdə albanlardan qalan nə varsa – qəbir daşları, yazılı daş kitabələr, xaçlı təsvirləri – söküb Tiflisə aparıblar.
Stalinə arxalanaraq müsəlman ingiloyları gürcüləşdirmək siyasəti
XX əsrin 30–40-cı illərində SSRİ-nin rəhbəri İosif Stalinin verdiyi imtiyazlardan istifadə edən gürcülər bölgədə ingiloyların yaşadığı məktəblərdə gürcü dilində təhsil verilməsi məsələsini gündəmə gətirirlər.
Zəyəm kənd məktəbi də gürcü dilinə keçir. Uşaqlara dərs demək üçün Gürcüstandan gürcü müəllimlər gətirilir. Yaşlı nəsil ingiloy dilini bilsə də, gənc nəsil bu dili yaxşı bilmirdi. Həm də ingiloy dili ilə gürcü dili arasında ciddi fərq vardı. Müəllimlərlə şagirdlər bir-birlərini başa düşməkdə çətinlik çəkirdilər.
Sonradan ingiloy ailə yaxınlarımız da etiraf edirdilər ki, məktəb oxumadıqları üçün gürcü dilini bilmirdilər və buna görə Gürcüstandan gələn qonaqlarla bir-birlərinin danışığını başa düşməkdə çətinlik çəkirdilər.
Sonra gürcü müəllimlərin sayəsində ingiloy uşaqlar gürcü dilini öyrəndilər. Onların çoxuna təhsillərini Gürcüstanda davam etdirmək imtiyazı tanındı.
Bir müddət sonra Zəyəm də daxil olmaqla bölgədəki müsəlman ingiloylar gürcü dilində təhsilə kütləvi etiraz etməyə başladılar. Stalinin ölümündən sonra müsəlman məktəblərində təhsil dili dəyişdirildi və Azərbaycan dilinə keçirildi.
Xristian ingiloylar isə gürcü dilində təhsilə davam etdilər. Onların dərs kitabları Gürcüstanın təhsil sisteminə uyğunlaşdırılmışdı və Tiflisdən gətirilirdi.
Bu proseslərin nəticəsində bəzi ingiloylar “Saingilo”nu “Sakartvelo” adlandırmağa, özlərini “qədim gürcülər” kimi təqdim etməyə və bölgəni Qədim Gürcüstan ərazisi hesab etməyə başladılar.
Kürmük kilsəsi ətrafında ajiotaj
Qax rayonu ərazisində yerləşən “Kürmük” kilsəsi ətrafında başlayan arxeoloji tədqiqatlar barədə məlumatlar gürcülərin Azərbaycana qarşı ərazi iddialarına yeni çalar gətirib.
Kimsə – bu, bölgədə yaşayan gürcüləşmiş ingiloylar, ermənilər, regionda gərginlik yaratmağa çalışan Rusiya və ya İran da ola bilər – gürcülərə siqnal verib ki, Azərbaycan alban məsələsini araşdırmağa başlayıb və buna mane olmaq lazımdır.
Gürcüstan Patriarxlığı bəyanat yayaraq “Kürmük – Müqəddəs Georgi” kilsəsinin ərazisində aparılan işlərdən narahatlığını ifadə edib. Patriarxlıq məbədin hazırda Azərbaycan ərazisində yerləşdiyini qəbul etsə də, onu Gürcüstanın və Gürcüstan kilsəsinin tarixi-mənəvi irsinin mühüm abidəsi hesab edir.
Gürcüstan Patriarxlığı Azərbaycan tərəfini kilsə ətrafında görülən işlərlə bağlı məlumat verməməkdə ittiham edir və Gürcüstan nümayəndələrinin, eləcə də müvafiq sahə üzrə mütəxəssislərin prosesə cəlb olunmasının vacibliyini vurğulayır.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Gürcüstan Patriarxlığının bu yanaşmasını qəbuledilməz sayaraq bəyanat verib. Nazirlik Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin başqa adlarla təqdim olunmasının yolverilməz olduğunu bildirib. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığı kimi, eyni münasibəti Gürcüstandan da gözlədiyini vurğulayıb.
Əlbəttə ki, dövlətin ərazisindəki abidə həmin dövlətin yurisdiksiyasındadır və onunla bağlı qərarlar da həmin dövlətin səlahiyyətindədir. Bir də ki, kimsə evini, həyətini təmir edəndə və abadlaşdıranda qonşusundan icazə istəmir.
Azərbaycana qarşı Rusiya kartı
İndi sosial şəbəkələrin gürcü seqmentində Azərbaycana qarşı Rusiya ilə yaxınlaşmaq, pravoslav gürcüləri qorumağı Rusiyadan istəmək barədə aktiv müzakirələr gedir. Axı Rusiyanın “yeni çarı” Putinin fəlsəfəsinə görə, harada bir rus yaşayırsa, rus dilində danışılırsa, ora Rusiyadır və pravoslav kilsəsini qorumaq da bu dinin daşıyıcılarının ən çox yaşadığı RF-nin haqqıdır. İndi yaddaşı gödək gürcülər rəsmən Gürcüstanın suveren ərazilərinin 20%-i olan Abxaziya və Cənubi Osetiyanı işğal etmiş, 2008-ci ildəki Rusiya–Gürcüstan müharibəsindən sonra da o regionların müstəqilliyini tanımış, hələ də orada öz hərbi qüvvələrini saxlayan Rusiyadan Azərbaycana qarşı kömək istəyirlər. Bir qədər də irəli gedib Azərbaycanla mümkün hərbi toqquşma zamanı istifadə etmək üçün təcili Avropadan raket, İrandan “Şahed” dronları almağı təklif edənlər də var.
Halbuki, istər 2008-ci ilin avqustunda, istərsə də ondan sonrakı dövrdə Azərbaycan daim Gürcüstana maddi, mənəvi və siyasi dəstək verib. Saakaşvilinin sözləri ilə desək, “dəfələrlə Gürcüstanı donmaqdan xilas edib”. Zamanında böyük risklərə və xərclərə gedərək Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis Qars kimi strateji enerji və nəqliyyat layihələrini Gürcüstandan keçirməyə razılıq verib ki, heç bir təbii resursu olmayan qonşumuz acından ölməsin. Üstəlik, uzun illər Gürcüstanın rəsmi statistikasında açıqlanırdı ki, ölkənin gəlirlərinin əsasını turizm təşkil edir. Orada da əsas pay azərbaycanlı turistlərindir. Amma günlərdir gürcülər azırbaycanlı turistləri ölkəyə buraxmamağı, SOCAR-Gürcüstan-ın emblemini stop qrifi formatında paylaşaraq onun təcili ölkədən çıxarılmasını tələb edirlər. Tiflis yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan və Gürcüstan dövlət bayraqlarının əks olunduğu stendi aşırıb bayrağımızı cızırlar. Ümummilli lider Heydər Əliyevin büstünü erməninin əli ilə zədələyirlər.
İllərdir gürcülərlə Keşikçidağ qovğası da bir yerə varmır. O da alban irsimizdəndir və gürcülər oranı da öz əcaib-qəraib pravoslav ikonaları ilə özününküləşdirməyə çalışıblar, biz aranı sakitləşdirmişik.
Hələ dövlət sərhəddimizin bir hissəsi Alazan çayı ilə müəyyən edildiyindən, bu çayın Azərbaycanın içərilərinə doğru hərəkət etməsi nəticəsində min hektarlarla ərazilərimizin yuyularaq Gürcüstan tərəfdə qalması məsələsi də var və biz bunun davasını aparmırıq.
İndi, 2026-cı ilin oktyabrından “Kürmük” kilsəsinin arxeoloji tədqiqat və bərpa işlərinin aparılması ilə əlaqədar turistlərin ziyarəti üçün müvəqqəti bağlanılacağı bildirilib. Tədqiqatçılardan öyrənirik ki, məqsəd “Kürmük” kilsəsinin müxtəlif dövrlərə aid qatlarının dərindən öyrənilməsi və onun Qafqaz Albaniyası dövrü də daxil olmaqla tarixi-genealoji tədqiqidir.
Deməli, gürcüləri narahat edən də budur. Məlum olacaq ki, “Kürmük” heç də onların tarix kitablarında yazdıqları kimi pravoslav gürcü abidəsi deyil. Qafqaz Albaniyası irsinin əsl sahibləri nəhayət, ayılıblar. İndi onlar bütün xristian dünyasına sübut edəcəklər ki, xristianlığın yayıldığı ilk məkanlardan biri heç də Ermənistanı, Gürcüstanı əhatə etmir. Burada onlardan daha qədim olan sivilizasiyalar, tayfalar, xalqlar yaşayıb, öz mədəni-dini irsini yaradıb. Sonra üst-üstə baş verən amansız işğallar Qafqaz tarixinin ən böyük sivilizasiyasının məhv olmasına, buradakı aborigen alban tayfalarının qeybinə səbəb olub.
Özü də qonşular yaxşı bilirlər ki, albanların yeganə izləri Nic udiləri ilə məhdu
dlaşmır. O izlərə ölkənin az qala hər kəndində rast gəlmək mümkündür. Onların onilliklər boyu apardıqları etnik assimilyasiya siyasətinin ən böyük qurbanları Qax-Zaqatala-Balakən bölgəsində yaşayan ingiloylardır. Onlar o tayfadır ki, ötən əsrin ortalarına qədər özlərini alban hesab edirdilər.
Alban irsinə niyə sahib çıxmalıyıq?
Dünyanın ən azı iki əsas aparıcı, inkişaf etmiş kontinentinin dini xristianlıqdır. İllərdir reallığı bilə-bilə bizə qarşı erməni işğalını və iddialarını müdafiə edən Amerika və Avropa qitəsinin ögey münasibətinin arxasında həm də bizim məhz müsəlman olmağımız dayanmırdımı? Biz guya buralara Altaylardan gəlmişik və Qafqazda heç bir haqqımız yoxdur. Axı belə deyil. Biz bura heç yerdən gəlməmişik. Biz elə burada idik. Bölgəyə gələn işğalçı qoşunların, xəyanətlərin, əsarətlərin altında böyük bir alban sivilizasiyası məhv edildi. O isə dünyada xristianlıq haqqında ilk eşitmiş və onu ən birinci qəbul etmiş toplum idi. Biz o irsin yadigarlarıyıq. Biz hamıya bəyan etməliyik ki, bu dünyaya müsəlman kimi doğulmamışıq və Qafqazlarda, Qara dənizdən Xəzərə qədər bizim haqqımız bura sonradan köçürülmüş ermənilərdən daha çoxdur, indiki Gürcüstan ərazisində yaşayan digər xalqlardan isə heç də az deyil.
Sonuncu albanı rus sinodunun qərarı ilə məhv etdilər və alban tarixinin səhifələrini əbədiyyətə gömməyə çalışdılar. Amma biz gömmədik, genetik kodlarımızda yaşadırıq. İndi biz Qafqazın ən güclü dövlətiyik. Bizim gürcüdən, ermənidən heç bir asılılığımız yoxdur. Yeri gələndə onlar bizdən daha çox asılıdırlar. Bəsdir dostuq, qardaşıq deyib qabaqlarından qaçdıq. Onsuz da çörəyimizin duzu yoxdur, geri çəkiləndə sağ ol demirlər, daha da üstümüzə gəlirlər. Onları bir yerdə dayandırmalı!
Mən ata tərəfdən muğal, ana tərəfdən alban xətti ilə doğulmuş bir azərbaycanlıyam. Buradakı alban abidələri mənim irsimdir, gen yaddaşımdır. İçində sonuncu “Kürmük” yepiskopu Qara İosifin də olduğu bir romanlıq ailə xatirələrimiz var. Biz təkcə bu xatirələr əsasında dünya səviyyəli filmlər ortaya qoya, alban irsimiz barədə dünyaya car çəkə, onun əsl varislərinin biz olduğumuzu isbatlaya bilərik. Dövlətimizdən kampaniya xarakterli kiçik addımlarla kifayətlənməməyi, bu irsə sonuna qədər sahib çıxmağı xahiş edir, bu yolda bütün mümkün dəstəyi verməyə hazır olduğumu bəyan edirəm. Yetər ki, tarixi həqiqət yerini tapsın, yetər ki, sonuncu albanın intiharına, başda ana nəslim olmaqla bütöv bir yeparxiyanın əhalisinin faciələrinə səbəb olan ilahi ədalətsizlik öz qiymətini alsın!
Azərbaycan Qafqaz Albaniyasını və onun kilsələrinin tarixini yenidən hamıya bəyan etməlidir. Çünki bu, sadəcə erkən xristianlığın tarixçəsi deyil, bütün regionun və bəşəri dəyərlərin tarixidir. Unutmayaq ki, erməni kilsəsinin mərkəzi olan Eçmiədzin – Üç kilsə adı ilə məşhur idi. Lakin Yeddi Kilsə (Ləkit) ondan daha nüfuzlu və üstün idi.












