Paşinyan Amulsar qızıl mədəninin istismarına start verib

  • Müəllif: Orxan
  • 10 Oktyabr 2026 13:33

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənub-şərqində yerləşən Amulsar qızıl mədəninin istismarına start verib.

Gununsesi.info xəbər verir ki, Paşinyan Cermukda keçirilən rəsmi təqdimatda layihənin gələcək taleyinin Ermənistana yeni investisiyaların cəlb olunmasında mühüm rol oynayacağını bildirib.

O, qızıl çıxarılacaq yerin təkinin Ermənistan xalqına məxsus olduğunu, bu sərvətin ölkənin inkişafına və rifahına xidmət etməli olduğunu vurğulayıb. Paşinyanın fikrincə, mədənin açılışının kütləvi etirazlarla müşayiət olunmaması vətəndaşların layihəni mənimsədiyini göstərir.

Qeyd edək ki, Amulsar qızıl ehtiyatlarına görə Ermənistanın ikinci ən böyük mədənidir. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra hökumət mədənin istismarına verilən icazələrin yenidən nəzərdən keçirilməsini tələb edib. Proses ekofəalların çoxsaylı etirazları ilə müşayiət olunub.

Sonrakı yoxlamalar ekoloji risklərin idarə oluna biləcəyini göstərsə də, “Lydian Armenia” şirkəti həmin vaxt hasilat icazəsi ala bilməyib. Proses yalnız 2023-cü ildə memorandumun imzalanması və şirkətin səhmlərinin 12,5 faizinin Ermənistan hökumətinə verilməsi ilə yenidən başladılıb.

Gununsesi.info