“Hicab etirazı”: Cənubdan əsən “azadlıq küləyi”

Dövlətlər bəzən təhlükəni sərhədlərində deyil, cəmiyyətin daxilində baş verən prosesləri düzgün oxuya bilmədikləri zaman itirməyə başlayırlar. Tarix göstərir ki, siyasi təsir mexanizmləri hər zaman açıq qarşıdurma, silahlı münaqişə ilə meydana çıxmır. Bəzən proses daha mürəkkəb olur. İctimai narazılıqlar ideoloji istiqamətə yönəldilir, həssas mövzular “siyasi səfərbərlik” vasitəsinə çevrilir, ayrı-ayrı tələblər isə zamanla dövlət institutlarının legitimliyini mübahisələndirən daha geniş gündəliyin tərkib hissəsinə çevrilir.

Belə vəziyyətlərdə əsas məsələ səsləndirilən şüarların zahiri məzmunu deyil, onların hansı siyasi nəticələr doğurduğudur. Hüquq və azadlıqların müdafiəsi demokratik dövlətin fundamental prinsipidir. Lakin hüquqi tələb ilə hüquq anlayışından siyasi manipulyasiya vasitəsi kimi istifadə edilməsi arasında ciddi fərq var. Bu fərqi müəyyənləşdirmək üçün emosiyalara, dini kimliyə və ya siyasi etiketlərə deyil, konkret davranışlara, əlaqələrə və sübutlara baxmaq lazımdır.

Yəməndə husilərin siyasi-hərbi gücə çevrilməsi bu baxımdan mühüm tarixi nümunədir. Hərəkatın yüksəlişini yalnız dini ideologiya və ya anti-Qərb ritorikası ilə izah etmək mümkün deyil. Ölkədəki siyasi böhran, dövlət institutlarının zəifləməsi, silahlı mübarizə və regional rəqabət də bu prosesdə mühüm rol oynayıb. Ancaq həmin təcrübənin göstərdiyi əsas məqamlardan biri budur: ideoloji səfərbərlik real siyasi və hərbi güclə birləşəndə, nəticələr ilkin şüarların sərhədlərini çoxdan aşır.

Burada ciddi bir məqamın üzərindən xüsusi dayanmaq lazımdır. Hər tənqidi mövqeni dövlətə qarşı fəaliyyət, hər dini həssaslığı siyasi təhlükə, hər ictimai etirazı isə kənar təsirin nəticəsi kimi təqdim etmək nə analitik yanaşmadır, nə də milli təhlükəsizliyə xidmət edir. Eyni zamanda, hüquq və azadlıq şüarlarının arxasında qanunsuz fəaliyyət, zorakılığa çağırış və ya xarici siyasi maraqların koordinasiyalı şəkildə irəlilədilməsi varsa, bunları görməzdən gəlmək də məsuliyyətsizlikdir.

Müstəqil dövlətçilik məhz bu iki təhlükə arasında düzgün sərhəd çəkmək bacarığıdır: bir tərəfdən vətəndaşın hüququnu qorumaq, digər tərəfdən dövlətin suverenliyinə qarşı yönəlmiş qanunsuz fəaliyyətə hüquqi çərçivədə mane olmaq. Dövlətin gücü şübhəni idarə etməkdə deyil, həqiqəti sübutlarla müəyyənləşdirməkdədir.

Çünki dövlətçiliyin əsas sınağı təkcə xarici təhdidlərə müqavimət göstərmək deyil, cəmiyyətin azadlıqlarını qoruyaraq heç bir ideologiyanın, siyasi mərkəzin və ya xarici marağın milli iradəni əvəz etməsinə imkan verməməkdir. “Hicab etirazları” da məhzbu qəbildəndir. Təşkilatçıların da İrana bağlı qüvvələr olduğu şübhə doğurmur.

 

 

Azər Niftiyev

Siyasi şərhçi

Gununsesi.info