Elə mövzular var ki, onlar barədə sakit danışmaq çətindir. Məktəbdə dini simvollar məsələsi də onlardan biridir. Bu mövzunun arxasında mücərrəd anlayışlar deyil, real insanlar dayanır. Övladlarına özləri üçün müqəddəs olan dəyərləri aşılamaq istəyən valideynlər, tarazlığı qorumağa çalışan müəllimlər və ictimai mübahisələrin mərkəzində olmaqdan ən azı hamı qədər uzaq durmaq istəyən qızlar. Buna görə də söhbətə hansısa arqumentlə deyil, hörmətlə başlamaq istərdim. İnanca, ailəyə və hər kəsin öz vicdanına uyğun yaşamaq hüququna hörmətlə.
Bununla belə, məhz bu dəyərlərə hörmət məktəbin dünyəvi qalmalı olduğunu göstərir.
Azərbaycan maarifçiliyi sadəcə təhsilin yayılması uğrunda hərəkat deyildi, cəmiyyətin intellektual və mənəvi baxımdan yenidən qurulmasına yönəlmiş bir layihə idi. Burada qadının azadlığı mərkəzi yer tuturdu. 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb açıldı. Nənəm də vaxtilə məhz həmin məktəbdə oxumuşdu. Onun nəsli üçün bu məktəb köklərdən imtina deyil, yaxın keçmişədək xəyalına belə gətirə bilmədiyi bir dünyaya açılan qapı idi.
Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin səhifələrindən xalqa müraciət edəndə, Mirzə Cəlil isə «Molla Nəsrəddin»in acı, eyni zamanda incə yumoru ilə cəmiyyətin problemlərini dilə gətirəndə, əslində, eyni məsələdən danışırdılar: düşünmək imkanı verilən insanın ləyaqətindən. Təsadüfi deyil ki, ilk respublikamız dünyada qadınlara səsvermə hüququnu tanıyan ilk dövlətlərdən biri oldu.
Bu insanlar din düşməni deyildilər, bir çoxu inanclı idi. Onlar anlayırdılar ki, azadlıq mühitində yetişməyən inanc kor-koranə vərdişə çevrilə bilər. Cəmiyyətin yarısının əlindən alınan bilik isə bütövlükdə cəmiyyəti yoxsullaşdırır.
Bu gün həmin irsə müraciət etmək keçmişə nostalji ilə yanaşmağı deyil, onun prinsiplərinə XXI əsrdə sadiq qalmağın nə demək olduğunu anlamağı tələb edir.
Bu gün də, bir əsr əvvəlki kimi, inancı onun çevrilməyə çalışıldığı anlayışlardan fərqləndirmək vacibdir. İnanc insanın özü ilə Allaha ünvanlanan sakit söhbəti, dərin şəxsi yoludur. Lakin din kimlik rəmzinə, «bizdən olanları» və «yadları» ayıran ölçüyə çevrildikdə, artıq insana məxsus olmaqdan çıxır və ideologiyanın alətinə çevrilir. Əsrlər boyu bu torpaqda yaşayan İslam Nizaminin və Füzulinin İslamı, hikmət və dözümlülük İslamı hər şeydən əvvəl qəlbin inancı olub.
Uşaqlıq isə belə bir yerdəyişmə qarşısında xüsusilə müdafiəsizdir. Uşaq hələ öz seçimi ilə onun əvəzinə verilmiş qərarı ayırd etməyi bacarmır. Məktəb müxtəlif ailələrdən olan uşaqların bərabər səviyyədə görüşdüyü, bəlkə də, yeganə məkandır. Burada uşaq hansısa icmanın nümayəndəsi və ya valideynlərinin baxışlarının davamı deyil, çoxsaylı şagirdlərdən biri olan adi bir şagirddir.
Məktəbin dünyəviliyi dinə qarşı çəkilmiş divar deyil. Bu, hər kəsin zamanla öz səsini eşidə bilməsi üçün yaradılan sakitlikdir.
Dünyəvi təhsilin məqsədi uşağı inancdan məhrum etmək yox, ona bir gün həmin inanca öz istəyi ilə gəlmək yaxud gəlməmək hüququnu qoruyub saxlamaqdır.
Bu cür qaydaları dini etiqad azadlığına qəsd kimi qiymətləndirənlərin mövqeyinə hörmətlə yanaşmaq lazımdır. Bu arqumenti kənara atmaq olmaz. Ancaq yetkin insanın inanc azadlığı ilə uşağın öz dünyası eyni şey deyil. Yetkin insan seçir, uşaq isə miras alır. Məktəbin vəzifəsi bu mirası ləğv etmək deyil, uşağa onu bir gün özü dərk edə bilməsi üçün vaxt və bilik verməkdir. Məktəbin divarlarından kənarda – ailədə, məsciddə və yetkinlik həyatında hər kəsin seçimi toxunulmaz qalır və hörmətə layiqdir.
Azərbaycan vaxtilə bu yolu artıq seçib inanc və ağlın bir-biri ilə rəqabət aparmadığı, biliyin hər kəs üçün əlçatan olduğu yolu. Bu seçimə sadiq qalmaq keçmişi rədd etmək deyil, onu davam etdirmək deməkdir.
Maarifçiliyin ən dərin ideyalarından biri də, yəqin ki, məhz budur: azadlıq insanın öz taleyinin müəllifi olmaq imkanı qazandığı yerdə başlayır.

Asim Mollazadə, Milli Məclisin deputatı












