Elçin Rüstəmli: “Gəlin məktəblərimizi qoruyaq, uşaqlarımızı gərginliklərdən kənar tutaq”

Jurnalist Elçin Rüstəmli vahid məktəbli geyimi ilə bağlı baş verən gərginliklərə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Elçin Rüstəmli bildirib ki, dövlət əmlakına zərər vurulması və zorakılıq hallarının baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurmalıdır.

Onun sözlərinə görə, dini hisslərdən və mənəvi dəyərlərdən istifadə edilərək qarşıdurmaların dərinləşdirilməsi cəmiyyətə zərər vurur.

Jurnalist təhsil ocaqlarının qorunmasının vacibliyini önə çəkərək məktəbi uşaqların gələcəyinin formalaşdığı, bilik və elmlə qovuşduğu müqəddəs məkan kimi xarakterizə edib.

O vurğulayıb ki, müəllimlərin və təhsil müəssisələrinin hədəfə alınması, uşaqların hər hansı etirazın və ya qarşıdurmanın ön sıralarına çəkilməsi heç bir halda qəbul edilə bilməz.

Elçin Rüstəmli qeyd edib ki, qanunazidd addımların mənfi nəticələrini, bir qayda olaraq, sadə insanlar və ailələr yaşayır, gərginliyi yaradan tərəflər isə çox vaxt bunun nəticələrindən kənarda qalırlar.

Bu baxımdan o, valideynləri və vətəndaşları təmkinli olmağa, uşaqların təhsilini və gələcəyini ön planda tutmağa çağırıb.

Jurnalist, həmçinin dövlət qurumlarının mövcud vəziyyəti diqqətlə araşdırmasının, qanunun aliliyini təmin etməklə yanaşı, baş verən hadisələrin səbəblərini də dərindən təhlil etməsinin vacibliyini vurğulayıb.

Onun fikrincə, cəmiyyətin əsas gücü birlikdə, sağlam düşüncədə, qanunlara hörmətdə və dünyəvi dəyərlərə sadiqlikdədir.

Elçin Rüstəmli fikirlərini məktəblərin qorunması, uşaqların gərginliklərdən uzaq tutulması və mübahisəli məsələlərin dialoq, qarşılıqlı anlaşma və qanun çərçivəsində həll edilməsi çağırışı ilə yekunlaşdırıb.

“Gəlin məktəblərimizi qoruyaq, uşaqlarımızı gərginliklərdən kənar tutaq və hər məsələni dialoq, təmkin və qanun çərçivəsində həll etməyə çalışaq”, – deyə jurnalist bildirib.

 

 

Orxan

Gununsesi.info