Elnarə Akimova: “Qardaşlıq birtərəfli anlayış deyil”

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 11:36

Deputat Elnarə Akimova Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə və iki ölkə arasında münasibətlər ətrafında yaranan mübahisələrə münasibət bildirib.

Gununsesi.info-ya açıqlama verən deputat baş verənlərə təəssüf hissi ilə yanaşdığını qeyd edərək, bu günədək Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin siyasi polemikaların, ayrı-ayrı qrupların təxribatlarının və emosional çıxışların fövqündə dayandığına inandıqlarını vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə hakim partiyanın bəzi funksionerlərinin və deputatlarının da mübahisəyə qoşularaq Azərbaycana qarşı sərt və dostluq münasibətlərinə uyğun gəlməyən mövqe sərgiləməsi narahatlıq doğurur. Belə yanaşmalar iki qardaş dövlət arasında onilliklər ərzində qurulmuş etimadı zədələmək riski yaradır.

Elnarə Akimova bildirib ki, Azərbaycan heç vaxt Türkiyənin daxili siyasi proseslərinə müdaxilə etməyib. Əksinə, ölkəmiz hər zaman Türkiyənin dövlətçiliyinə, xalqının iradəsinə və Türkiyə hakimiyyətinə dostluq və sədaqət nümayiş etdirib, qardaşlığın sadəcə sözlə deyil, əməli addımlarla təsdiqləndiyini göstərib. Deputatın sözlərinə görə, Azərbaycan çətin günlərdə Türkiyənin yanında olmağı siyasi seçim deyil, mənəvi borc hesab edib.

Deputat vurğulayıb ki, məhz bu səbəbdən Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya və bəzi siyasi şəxslərin bu prosesdə tutduğu mövqe haqlı suallar yaradır. Əgər hansısa qüvvələr iki ölkənin münasibətlərinə kölgə salmaq, ictimai rəyi bir-birinə qarşı yönəltmək və qardaşlıq bağlarını zəiflətmək istəyirlərsə, onların məqsədinə xidmət edən ritorikadan çəkinmək lazımdır. Hər hansı məsələyə münasibət bildirərkən faktları araşdırmaq, hüquqi çərçivəni nəzərə almaq və emosional çağırışlarla dövlətlərarası münasibətlərə zərər vurmamaq siyasi məsuliyyətin tələbidir.

Akimova xüsusilə qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər qarşılıqlı hörmət və suverenliyə ehtiram prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın Türkiyənin daxili işlərinə qarışmadığı kimi, Türkiyədə də Azərbaycanın öz qanunları, dövlətçilik ənənələri və ictimai-siyasi reallıqları nəzərə alınmalıdır. Hər iki ölkənin öz hüquqi sistemi və qərarvermə mexanizmlərinin olduğunu xatırladan deputat bildirib ki, bir ölkənin qanunları və daxili məsələləri barədə fikir söyləyərkən həmin ölkənin suveren hüququna hörmətlə yanaşmaq vacibdir.

Deputat demokratiya anlayışının siyasi təzyiq vasitəsinə çevrilməsinə də yol verilməməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan demokratiyanın mahiyyətini, dövlət suverenliyinin əhəmiyyətini və hüquqi dövlət prinsiplərini heç kimdən öyrənməli deyil. Hər hansı məsələ ilə bağlı fərqli fikirlər səsləndirilə, tənqid də mümkündür. Ancaq tənqid qarşılıqlı hörmət çərçivəsində aparılmalı, bir xalqı digərinə qarşı qoyan, dövlətlər arasında düşmənçilik toxumu səpən kampaniyaya çevrilməməlidir.

Elnarə Akimova eyni zamanda bildirib ki, Türkiyənin hakim partiyasına və dövlət rəhbərliyinə münasibətdə Azərbaycan hər zaman dostluq mövqeyi nümayiş etdirib. Bu gün də gözlənti iki qardaş ölkənin münasibətlərinə zərər vura biləcək təxribatçı çağırışlara qarşı məsuliyyətli mövqe sərgilənməsidir. Deputat hesab edir ki, ayrı-ayrı şəxslərin çıxışlarını bütövlükdə Türkiyə dövlətinin və xalqının mövqeyi kimi təqdim etmək də doğru deyil. Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında dərin tarixi, mədəni və mənəvi bağlar mövcuddur və bu bağlar gündəlik siyasi mübahisələrdən qat-qat güclüdür.

Deputatın fikrincə, qardaşlıq birtərəfli anlayış deyil. Bu münasibətlər qarşılıqlı etimad, sədaqət, hörmət və çətin məqamlarda bir-birini anlamaq məsuliyyəti yaradır. Azərbaycan bu münasibətlərə həmişə əməli dəstək və səmimi dostluqla yanaşıb.

O, son olaraq vurğulayıb ki, indiki şəraitdə də gözlənti mövcud mübahisələrin qızışdırılmaması, faktların təhrif olunmaması və iki dövlətin münasibətlərinin ayrı-ayrı siyasi qrupların maraqlarına qurban verilməməsidir.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı hər hansı təxribatın deyil, qarşılıqlı hörmətin və məsuliyyətli siyasi davranışın üzərində dayanmalıdır.

Orxan

Gununsesi.info