Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimələrin ödənilməməsi ilə bağlı məhkəməyə göndərilən inzibati işlərə deputat toxunulmazlığı əsasında xitam verilməsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Gununsesi.info -ya açıqlamasında Vəkil Cavad Cavadov deputat toxunulmazlığının yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri aradan qaldırmadığını bildirib.

Vəkil hesab edir ki, məsələnin hüquqi tərəfi ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaranmaması üçün bir sıra məqamlar dəqiqləşdirilməlidir.
“Ən vacib məqam budur ki, deputatın yol hərəkəti qaydalarını pozmağa və buna görə cərimələnməyə görə immuniteti yoxdur. Konstitusiyanın 90-cı maddəsi deputatın ümumiyyətlə inzibati məsuliyyətdən azad olduğunu demir. Norma konkret olaraq onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirinin tətbiqini toxunulmazlıqla əlaqələndirir”, – deyə Cavad Cavadov vurğulayıb.
“Cərimənin tətbiqi ilə sonrakı tənbeh fərqli hüquqi məsələlərdir”
Hüquqşünasın sözlərinə görə, bu məsələdə iki ayrı hüquqi mərhələni fərqləndirmək lazımdır.
“Birinci mərhələ yol hərəkəti qaydasının pozulmasına görə səlahiyyətli inzibati orqan tərəfindən cərimənin tətbiq edilməsidir. Deputat toxunulmazlığı belə cərimənin tətbiqinə mane olmur.
İkinci mərhələ isə həmin cərimə qanunda nəzərdə tutulmuş müddətdə ödənilmədikdə yaranır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi belə hallarda nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək məhdudlaşdırılmasını nəzərdə tutur və bu tənbeh məhkəmə qaydasında tətbiq edilir”, – deyə vəkil bildirib.
Cavad Cavadov qeyd edib ki, məhz bu mərhələdə deputat toxunulmazlığı məsələsi aktuallaşır.
“Çünki deputat barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Buna görə də toxunulmazlıq aradan qaldırılmayıbsa, məhkəmənin sürücülük hüququnu məhdudlaşdırması hüquqi baxımdan mümkün deyil”, – deyə o bildirib.
“Əvvəlki yol cərimələrinin silinməsi barədə nəticə çıxarmaq düzgün deyil”.
Vəkil vurğulayıb ki, məhkəmənin sonrakı inzibati tənbehi tətbiq edə bilməməsi əvvəlki cərimələrin avtomatik ləğvi anlamına gəlmir.
“Amma bu nəticədən ‘əvvəlki yol cərimələri də silindi’ qənaətinə gəlmək düzgün deyil. İlkin cərimə ayrıca inzibati qərardır və qüvvədə qalır. Məhkəmənin sonrakı inzibati tənbehi tətbiq edə bilməməsi həmin cəriməni avtomatik ləğv etmir”, – deyə hüquqşünas diqqətə çatdırıb.
Onun sözlərinə görə, məsələnin mediada “deputatın cərimələri silindi” kimi təqdim olunması hüquqi baxımdan dəqiq yanaşma deyil.
“Düzgün yanaşma budur: deputat yol hərəkəti qaydasını pozubsa və səlahiyyətli orqan ona qanuni qaydada cərimə tətbiq edibsə, həmin cərimə qüvvədə qalır və ödənilməlidir. Sadəcə, cərimənin ödənilməməsinə görə adi vətəndaşa münasibətdə tətbiq oluna bilən bəzi sonrakı məcburetmə və məhkəmə tənbeh tədbirləri deputat toxunulmazlığı ilə toqquşa bilər. Bu, cərimədən azadlıq deyil, toxunulmazlığın müəyyən icra və tənbeh tədbirlərinə təsiridir”, – deyə Cavad Cavadov bildirib.
Deputatın avtomobilinin saxlanılması məsələsi də mübahisəlidir
Vəkil ödənilməmiş yol cərimələrinə görə nəqliyyat vasitəsinin saxlanılması məsələsinə də toxunub.
O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydasının pozulmasına görə tətbiq edilmiş cərimə qərarı qanuni qüvvəyə mindikdən sonra iki ay ərzində üzrlü əsas olmadan ödənilməzsə, səlahiyyətli orqan həmin inzibati xəta törədilərkən idarə edilmiş nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edə bilər.
Cavad Cavadovun sözlərinə görə, deputatların statusu ilə bağlı qanunvericilik bu məsələdə əlavə hüquqi təminatları da nəzərdə tutur.
“‘Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında’ Qanunun 12-ci maddəsi deputat toxunulmazlığının onun şəxsi və xidməti nəqliyyat vasitələrini də əhatə etdiyini açıq şəkildə müəyyən edir.
Buna görə mənim hüquqi qənaətimə görə, deputatın şəxsi və ya xidməti avtomobilinin məhz ödənilməmiş inzibati cərimənin icrası məqsədilə saxlanılması da toxunulmazlıq məsələsi yaradır. Toxunulmazlıq aradan qaldırılmadan belə məcburi tədbirin tətbiqi hüquqi baxımdan mümkün hesab edilməməlidir”, – deyə vəkil qeyd edib.
“Deputatın statusu ona yol hərəkəti qaydalarını pozmaq imtiyazı vermir”
Hüquqşünas hesab edir ki, deputat toxunulmazlığının mahiyyəti yanlış təqdim edilməməlidir.
“Burada çox incə, amma mühüm fərq var. Deputatın statusu ona yol hərəkəti qaydalarını pozmaq imtiyazı vermir. Yol hərəkəti qaydaları deputata da, digər şəxslərə də eyni qaydada şamil olunur. Onun yol cəriməsindən immuniteti yoxdur.
Toxunulmazlığın məqsədi deputatı hüquq qaydalarından kənarda saxlamaq deyil, onun parlament fəaliyyətinə əsassız müdaxilənin qarşısını almaqdır. Buna görə də immuniteti inzibati məsuliyyətdən tam azadlıq kimi təqdim etmək yanlış olardı”, – deyə Cavad Cavadov vurğulayıb.
Vəkil əlavə edib ki, konkret işlər üzrə yekun hüquqi qiymət vermək üçün məhkəmə qərarlarının tam mətnləri ilə tanış olmaq vacibdir.
“Biz hazırda mətbuatda yayılan məlumatlardan çıxış edirik. Məhkəmə qərarlarının tam mətnləri ilə tanış olmadığımıza görə konkret işlərdə hansı faktların müəyyən edildiyi, protokolların necə tərtib olunduğu və məhkəmənin xitam üçün hansı hüquqi əsaslandırmanı verdiyi barədə qəti fikir söyləmək düzgün olmaz.
Amma ümumi hüquqi çərçivə aydındır: deputat toxunulmazlığı cərimənin özünü ləğv etmir. O, məhkəmə qaydasında inzibati tənbeh tətbiqinə və qanunun toxunulmazlıqla qoruduğu obyektlərə münasibətdə müəyyən məcburi tədbirlərə təsir göstərir. Ona görə də ‘deputat olduğu üçün yol cərimələri silindi’ yanaşması hüquqi baxımdan düzgün deyil”, – deyə vəkil bildirib.
Firuzə Mahmudova
Gununsesi.info












