Deputatdan Türkiyəyə mesaj: Azərbaycana qarşı təxribatların qarşısı niyə alınmır?

  • Müəllif: Orxan
  • 19 Oktyabr 2026 14:31

Məlumdur ki, son hadisələrdə Türkiyə-Azərbaycan arasında gərginlik hiss olunur.

Kimisi bunu Türkiyə dövlətinin və xalqının mövqeyi, Azərbaycanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndir, kimisi də AKP-nin nurçu-islamçı siyasi xəttinin.

Maraqlıdır, bəs məsələyə konkret olaraq necə yanaşmaq lazımdır?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

O bildirib ki, Türkiyə ərazisindən Azərbaycanın informasiya məkanına, reallığa uyğun olmayan mülahizələrə əsaslanan narrativlərlə zəngin, bəzən aşağılayıcı, bəzən isə hədələyici ifadələrlə müdaxilələrin baş verməsi, ölkəmizə qarşı vahid mərkəzlərdən idarə olunduğu mənzərəsini yaradan kampaniyaların aparılması yeni deyil və biz uzun illərdir ki, fasilələrlə, hətta qardaş ölkənin rəsmi dairələrinə yaxın olan media resursları vasitəsilə aparılan qərəzli, kütlənin hisslərinə yönəlmiş təbliğat-təxribat hücumlarının şahidi oluruq:

“Təbii ki, burada çoxsaylı faktorlar var və təəssüf ki, daşıdığımız mənəvi-əxlaqi dəyərlər, sadiq olduğumuz prinsiplər bir çox məqamlar haqqında daha açıq danışmağa imkan vermir. Əvvəla, nəzərə almaq lazımdır ki, təxminən 2021-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanın İkinci Qarabağ siyasətində əldə etdiyi və təbii ki, Türk Dünyası üçün qürur mənbəyi olan qələbənin Türkiyənin daxili siyasətində konkret siyasi qüvvənin təbliğatı kimi istifadə edilməsinə, qardaşlıq münasibətlərini nəzərə alaraq, bir qədər loyal yanaşmışıq. Bu da Türkiyənin daxili siyasətində, tamamilə əsassız olaraq qeyri-obyektiv, reallıqdan tamamilə uzaq narrativlərin yer almasına və gündəlik müzakirə mövzularının predmetinə çevrilməsinə zəmin yaradıb. Qardaş ölkədə kütlə arasında kütləvi və sistemli şəkildə yayılan nağılvari hekayələri hətta bizim özümüzə də danışmağa cəhd göstəriblər. Burada klassik psixoloji təzyiq metodologiyası var. Eynilə insanlar arasında olduğu kimi… Kimlərsə bizdə də aşağılıq kompleksi yaratmaq, əzici davranışlarla “böyük” olduqlarını gözə soxmaq, onlarsız heç nəyin öhdəsindən gələ bilməyəcəyimiz görüntüsünü yaradaraq, bitib-tükənməyən arzu və istəklərini reallaşdırmaq istəyirlər”, -dey o qeyd edib.

Deputat həmçinin vurğulayıb ki, başqa bir amil də ola bilsin, bizim hədəflərimizə uyğun gəlməyən, amma regionla bağlı olan addımların atılmasının hədəflənməsidir.

“Xatırlayırsınızsa, bədnam Sürix protokolları öncəsi də buna bənzər addımlar atılırdı. Hətta həmin dövrdə Azərbaycanda bir-birini əvəz edən iki səfir – Əhməd Ünal Çeviköz və Hüseyn Avnı Karslıoğlu birbaşa Ermənistanla danışıqlarda iştirak edən, hətta Ermənistanla Azərbaycanın iş adamları arasında işğala son qoyulmadan işbirliyi yaratmağa çalışan şəxslər idilər. Hazırda konkret faktlar olmadığı üçün ehtimallar üzərindən fikir bildirmək doğru olmaz. Yaşayarıq, görərik…”, – deyə həmçinin qeyd edib.

Parlamentari o cümlədən deyib:

“Qardaş ölkədən Azərbaycana qarşı təxribat kampaniyasını körükləyənlər arasında müxtəlif qruplar var – siyasi islamçılar, müxtəlif etnik qrupların, o cümlədən ermənilərin təmsilçiləri və s. və il. Amma hazırda hakimiyyətdə təmsil olunan şəxslər və onların əhatəsinə daxil olan təxribatçılar da var. Türkiyənin mövcud hakimiyyətinin üslub və imkanlarını kifayət qədər yaxşı bildiyimiz üçün haqlı olaraq ortalığa bir sual çıxır: Bəs nə üçün hakimiyyətin təsir imkanları olan insanlara apardıqları yalan və böhtan kampaniyasının yanlış olduğu bildirilmir, onların iki qardaş dövlətin münasibətlərinə zərbə vurduğu xatırladılmır və bu təxribatçılar hansı səbəblərdən susdurulmur? Hazırda Türkiyədə sosial şəbəkədə ölkə daxili siyasi proseslərlə bağlı hakim partiyanın mövqeyinə zidd olan davranışların qarşısının alınması üçün kifayət qədər hüquqi mexanizmlər var, amma nədənsə Azərbaycana qarşı həqiqətdən, əxlaqdan, ləyaqətdən uzaq əməllərin qarşısının alınması istiqamətində addlmlar atılmır. Digər tərəfdən, Türkiyənin rəsmi dairələrinin yaydıqları, konkret mövzuya heç bir aidiyyatı olmayan paylaşımların altından əziklik sindromuna yoluxanların yazdıqları şərhlərin də mahiyyətini anlaya bilmirəm. Düşünürəm ki, bu da çox ciddi natamamlıq kompleksidir. Zənnimcə, vaxtilə İranın Azərbaycana qarşı apardığı təxribat xarakterli informasiya siyasətinin elementlərinin Türkiyənin media sektorunda və sosial şəbəkə seqmentində davam etdirilməsi də təhlilə ehtiyacı olan mövzulardandır. Məsələn, İsraillə bağlı məsələnin, faktiki olaraq, eynilə təkrarlanmasının da şahidi oluruq.

Elçin Mirzəbəyli ona da toxunub ki, Azərbaycan torpaqları işğal altında olanda İranın Ermənistana hərtərəfli dəstəyinin səbəbini Tehran sözçüləri və əlaltıları Azərbaycanın İsraillə münasibətlərini bəhanə gətirirdilər. O zaman onlara cavab verilirdi ki, İsrail İran ərazilərini işğal etməyib və bu baxımdan müqayisə tamamilə qüsurludur. Təbii ki, onların primitiv iddialarına cavab vermək üçün kifayət qədər fakt və arqument olsa da bütün bunların təkrarlanmasına ehtiyac duymuram. Almaniyada İranın qulbeçələrinin İran bayraqları ilə Azərbaycana qarşı keçirdikləri aksiya da əslində qardaş Türkiyəyə, onsuz da yaxşı bildikləri məsələnin mahiyyətinin nədən ibarət olduğunu bir daha anlatmalıdır. Amma vəziyyətin ciddi şəkildə dəyişmədiyini müşahidə edirik. Bu xüsusda, Türkiyədən ünvanımıza səsləndirilən əsassız iddiaların qarşılığında ortalığa kifayət qədər mövzular və suallar çıxır. Əvvəla qeyd edim ki, İsrail Türkiyə ərazisini işğal etməyib. Türkiyənin Osmanlı mirası ilə bağlı yürütdüyü ideoloji siyasətin və Yaxış Şərq siyasətinin Azərbaycana və bütövlükdə Türk Dünyasına heç bir aidiyyatı yoxdur. Azərbaycan Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır. Müsəlman ölkələrinin mütləq əksəriyyəti də eyni mövqedən və eyni prinsiplər əsasında hərəkət edirlər. Məsələn, Fələstinlə qonşu və eyni milli mənsubiyyətin daşıyıcısı olan ölkələr nə edirlərsə, Azərbaycan da eyni yanaşmanı nümayiş etdirir. Bizim ölkəmiz Fələstin məsələsindən bölgədəki mövqelərini möhkəmləndirmək və ideoloji üstünlük əldə etmək istəyənlərin cərgəsində yer almayıb və almayacaq da. Bizim öz prioritetlərimiz var və ona uyğun da siyasət yürüdürük və bu siyasət heç vaxt qardaş Türkiyənin maraqlarına qarşı olmayıb. Hətta bir çox hallarda qardaşlıq münasibətlərini qat-qat üstün tutmuşuq.

O, son olaraq bildirib:

“Azərbaycanda vahid geyim forması tətbiq olunub və bu ölkəmizin təhsilin bu gününə, gələcəyinə olan münasibətindən, ölkə konstitusiyasından, qanunvericilik aktlarından qaynaqlanır. Bunun Türkiyəyə, yaxud hansısa başqa bir ölkəyə nə aidiyyatı var? Məgər biz, Türkiyənin təhsil müəssisələrində dini dərslərin digər fənlərin tədrisinin azalması hesabına sayının artması ilə bağlı müzakirə açırıq? Yaxud, biz son 24 il ərzində Türkiyədəki imam-xətib məktəblərinin sayının nə üçün 450-dən 4500-5000-nə qədər artığının səbəbini soruşuruq? Qeyd edim ki, hazırda, imam-xətib məktəblərində təxminən 465 min – 487 min civarında şagird təhsil alır ki, bu da Türkiyənin dövlət təhsil sistemindəki bütün orta məktəb şagirdlərinin sayının təxminən 10-14%-ni təşkil edir. Göründüyü kimi veriləcək suallar çoxdur, amma vermirik. Çünki qardaş ölkənin daxili işinə qarışmaq kimi bir niyyətimiz yoxdur. Azərbaycanda siyasətə praqmatik müstəvidən yanaşırlar və bizim siyasi-ideoloji şoulardan təsirləndiyimiz zaman çoxdan keçib. Məsələn, biz toplantılarda mikrofonu hər kəsin görə və çəkə biləcəyi şəkildə əlimizin arxasıyla itələyərək salonu nümayişkəranə şəkildə tərk etmirik. Salonda qalıb mövqeyimizi ifadə edir, mücadiləmizi açıq şəkildə aparırıq. Veriləcək sualların, deyiləcək sözlərin sayını sonsuza qədər artıra bilərəm, buna ehtiyac duymuram. Düşünürəm ki, bu gün baş verənlərdən, soyuqqanlılığını itirməyən və gerçək dostluğu, qardaşlığı dəyərləndirə bilənlər utanc hissi keçirirlər. Bu mərhələnin də bədnam “Sürix protokolları” ərəfəsində baş verənlər kimi, nəticəyə varılmadığı üçün geridə qalacağına əminəm. Vaxtilə “Sürix protokolları”nı “qonşularla sıfır problem” kontektindən təqdim edənlərin qonşularla necə problemlər yaratdıqlarının şahidi olmuşduq. Yaxşı olar ki, uğursuz “qonşularla sıfır problem doktrinası” müəlliflərinin ardıcılları dost və qardaşlarla problem yaratmağa cəhd göstərməsinlər. Bəri başdan deyim, nəticəsi olmayacaq”.

Orxan

Gununsesi.info