ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır – Hədəflər AÇIQLANDI

  • Müəllif: Orxan
  • 28 Oktyabr 2026 11:08

ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatlara başlamağa hazır olduğu barədə Fars körfəzi ölkələrinin bir qisminə siqnal göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin məlumatına görə, ABŞ və İsrail Tehran hakimiyyətinin mövqelərini zəiflətmək və onu danışıqlara sövq etmək ümidi ilə İrana qarşı yeni zərbələr endirməyə hazırlaşır.

Mümkün hədəflər arasında İranın enerji infrastrukturu, nüvə obyektləri, raket kompleksləri və pilotsuz uçuş aparatları da var.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp hələ zərbələr endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib. Diplomatik səylər isə davam etdirilir.

Prezident Administrasiyasından əlavə edilib ki, Donald Tramp İranın heç vaxt nüvə silahı əldə edə bilməməsini təmin etmək üçün bütün variantları nəzərdən keçirir.

ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatın başlanması qərarının onun qəbul etdiyi ən böyük qərarlardan biri olduğunu və belə bir qərarı yenidən verəcəyini bildirib.

Amerika lideri bu barədə Texasda keçirilən seçkiqabağı mitinqdə danışıb.

“Dünən mənə çox maraqlı bir sual verdilər: “İrana yenidən hücum edərdinizmi?” Mən cavab verdim: “Əlbəttə”. Bu, indiyədək qəbul etdiyim ən böyük qərarlardan biri deyilmi?” – deyə Tramp bildirib.

ABŞ Prezidenti izah edib ki, münaqişənin yaratdığı qısamüddətli çətinliklər uzunmüddətli fayda naminə zəruridir.

O, həmçinin benzinin qiymətlərinin yaxın vaxtlarda aşağı düşəcəyini və bazarda yanacaq təklifinin artacağını iddia edib.

“Benzin çox ucuz olacaq! Yanacaq daha çox olacaq”, – deyə Tramp tərəfdarlarına vəd verib.

Gununsesi.info