Nazir büdcədə bölüşdürülməyən vəsaitlərlə bağlı problemdən danışdı

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 14:00

2028-ci ilin dövlət büdcəsində bölüşdürülməyən vəsaitlərlə bağlı məsələnin, xüsusilə büdcədənkənar vəsaitlər üzrə problemin demək olar ki, tam aradan qaldırılması gözlənilir.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Nazir qeyd edib ki, büdcə müzakirələri zamanı deputatların və Hesablama Palatasının çoxsaylı sual və təklifləri səsləndirilib. Onun sözlərinə görə, müzakirələrdə 40-50-yə yaxın sual və rəy təqdim olunub və onların hər biri üzrə mümkün qədər ətraflı izahat verilməsinə çalışılır.

Sahil Babayev Hesablama Palatası ilə Maliyyə Nazirliyi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq yalnız büdcə layihəsinin müzakirəsi dövrü ilə məhdudlaşmır, il ərzində müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılır.

Nazir qeyd edib ki, Hesablama Palatasının rəylərinin böyük əksəriyyəti tam və ya qismən büdcə layihəsində nəzərə alınıb. Palatanın son rəyləri əsasında da müəyyən düzəlişlərin edilməsi planlaşdırılır.

O, xüsusilə cari xərclər, əsaslı xərclər, dövlət borcu və gəlir mənbələrinin bölgüsü ilə bağlı Palatanın təkliflərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu məsələlər üzrə bir sıra yanaşmalar üst-üstə düşür və müvafiq uyğunlaşdırmalar aparılacaq.

Sahil Babayev gələn ildən məqsədli büdcə fondları və büdcədənkənar gəlirlərlə bağlı yeni siyasət təşəbbüslərinin həyata keçiriləcəyini də açıqlayıb.

Onun sözlərinə görə, məqsədli büdcə fondlarının ləğv edilməsi nəzərdə tutulur. Həmin fondların vəsaitləri artıq dövlət büdcəsinin daxilində müvafiq iqtisadi, funksional və inzibati təsnifatlar üzrə bölüşdürüləcək.

Nazir əlavə edib ki, büdcədənkənar xərclərin böyük hissəsinin də dövlət büdcəsinə daxil edilməsi istiqamətində addımlar atılır. Bu dəyişikliklər nəticəsində büdcədənkənar vəsaitlərin bölüşdürülməməsi ilə bağlı mövcud problemlərin 2028-ci il büdcəsində, demək olar ki, tam aradan qaldırılması gözlənilir.

Sahil Babayev bildirib ki, Prezidentin imzaladığı müvafiq fərmana əsasən, əksər dövlət qurumlarının maddi-texniki təchizat xərcləri artıq büdcədənkənar vəsaitlərdən çıxarılaraq dövlət büdcəsinə daxil edilib.

Hazırda üç dövlət qurumu istisna olmaqla, digər qurumların büdcədənkənar vəsaitləri əsasən əməkhaqqı xərcləri ilə məhdudlaşır. Nazir hesab edir ki, növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində həmin üç qurumun da əlavə xərclərinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayacaq.

Onun sözlərinə görə, nəticədə büdcədənkənar vəsaitlər ilkin təyinatına uyğun olaraq əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək. Bu da vəsaitlərin bölgüsünün daha şəffaf və sistemli həyata keçirilməsinə imkan yaradacaq.

Maliyyə naziri büdcə xərclərinin təsnifatı ilə bağlı Hesablama Palatası ilə mövcud fikir ayrılıqlarına da aydınlıq gətirib.

O qeyd edib ki, funksional və inzibati büdcə təsnifatları artıq yenilənib. Bu istiqamətdə müvafiq layihə Hesablama Palatası və digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilib.

Hazırda iqtisadi təsnifatın yenilənməsi üzərində iş aparılır. Sahil Babayevin sözlərinə görə, gələn ildən beynəlxalq tələblərə uyğunlaşdırılmış, Dövlət Maliyyə Statistikası Təlimatına (GFSM) əsaslanan yeni iqtisadi təsnifatın təqdim edilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, yeni təsnifata uyğunlaşdırma nəticəsində büdcə xərclərinin ayrı-ayrı istiqamətlər üzrə əks etdirilməsi ilə bağlı mövcud fikir ayrılıqlarının aradan qaldırılması mümkün olacaq.

O, səhiyyə və mədəniyyət xərclərinin büdcə təsnifatında hansı bölmə, alt bölmə və yarımmaddələr üzrə göstərilməsi ilə bağlı bəzi texniki fərqlərin də yeni təsnifat çərçivəsində həllini tapacağını vurğulayıb.

Sahil Babayev Hesablama Palatası ilə bu istiqamətdə əməkdaşlığın davamlı xarakter daşıyacağını və yeni iqtisadi təsnifata keçidin büdcə prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib.

Gununsesi.info