Avropa Məhkəməsi Tural Abbaslının anasına təzminat təyin etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Ağ Partiya”nın sədri Tural Abbaslının anası Başxanım Abbasovanın da şikayətçiləri sırasında olduğu “Salamova və başqaları Azərbaycana qarşı” işi üzrə təzminat qərarı qəbul edib.

 

Gununesi.info xəbər verir ki, AİHM 2026-cı il noyabrın 3-də elan etdiyi qərarla Başxanım Abbasovaya 104 min 500 avro maddi, 3 min avro isə mənəvi zərərə görə olmaqla, ümumilikdə 107 min 500 avro təzminat ödənilməsini müəyyənləşdirib.

 

Məhkəmənin qərarı Bakıda “Qış parkı”nın salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələri sökülən şəxslərin şikayətləri əsasında qəbul edilib.

 

AİHM-in materiallarından məlum olur ki, Başxanım Abbasovaya məxsus 137,9 kvadratmetr sahəsi olan mənzil 2011-ci il dekabrın 9-da sökülüb. Mənzilə görə ona yerli səviyyədə 205 min 500 manat kompensasiya ödənilib. Lakin o, əmlakının özgəninkiləşdirilməsi və kompensasiyanın məbləği ilə bağlı hüquqlarının pozulduğunu bildirərək məhkəmələrə müraciət edib.

 

İş üzrə ərizəçilər əmlaklarının qanuni prosedurlar gözlənilmədən söküldüyünü, onlara ödənilən məbləğin real bazar dəyərini əks etdirmədiyini və yerli məhkəmələrin şikayətlərini lazımi qaydada araşdırmadığını iddia ediblər.

 

Avropa Məhkəməsi qərarında dövlət orqanlarının müdaxiləsinin mülkiyyət hüququnun qorunması ilə bağlı Konvensiyanın tələblərinə uyğun olmadığını müəyyən edib. Beləliklə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin – mülkiyyət hüququnun pozuntusu tanınıb.

 

Qərarda, həmçinin 52066/13 saylı ərizə üzrə fərdi şikayət hüququnun pozulması da müəyyən edilib. Bu pozuntu ərizəçilərin vəkili İntiqam Əliyevin ofisində aparılan axtarış və Avropa Məhkəməsindəki işlə bağlı sənədlərin götürülməsi kontekstində qiymətləndirilib.

 

Qeyd edək ki, “Salamova və başqaları Azərbaycana qarşı” işi üzrə ümumilikdə 14 ərizəçinin şikayəti araşdırılıb. Ərizələr Bakıda “Qış parkı”nın salınması zamanı daşınmaz əmlakların sökülməsi ilə bağlı yaranmış mübahisələri əhatə edir.

 

AİHM-in son qərarı ilə ərizəçilərə ödəniləcək kompensasiyaların məbləği də müəyyənləşdirilib. Azərbaycan hökuməti müəyyən edilmiş təzminatları qərarda göstərilən üç aylıq müddətdə ödəməlidir.

 

Afət

Gununesi.info