Bu gün şair, nasir, publisist ictimai xadim, el ağsaqqalı Qənbər Şəmşiroğlunun doğum günüdür.
Gununesi.info xəbər verir ki, onun əziz xatirəsi doğum günü münasibətilə ehtiramla yad edilir.
Qənbər Şəmşiroğlu yaradıcılığı və ictimai fəaliyyəti ilə yaddaşlarda iz qoyub. Onun qələmə aldığı əsərlər sırasında insanlıq, mərdlik, sədaqət və xəyanət mövzularına toxunan şeirlər xüsusi yer tutur.
Şairin “Eylər” adlı şeiri də bu baxımdan diqqət çəkir.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Nəsil-nəcabəti dürüst olanlar,
Müdam yaxşılığa dəlalət eylər!
Yeri gəlsə əsirgəməz canını,
İgid ürəyini əmanət eylər!
Kişi gördüm: dar ayaqda kişidi,
Dada çatmaq, hova yetmək işidi.
Müdafiədə sinəsidi, döşüdü,
Min əzaba dözər, dəyanət eylər!
Yeməyin gədanın çayın, çörəyin,
Süfrə üstə söyləyəcək diləyin.
Əsirgəməz fırıldağın, kələyin,
Aləmə səs salar, bəyanət eylər!
Çox dolandım babaların oymağın,
Görmədim palıdda cökə calağın,
Gecə kəsər qonşusunun qulağın,
Səhər göz önündə ibadət eylər!
Eşitmişik, biz də gördük dünyada,
Cəsurlar dost üçün qalanar oda.
Qənbər, söylə, çox deyilmiş olsa da
Xain üzə gülər, xəyanət eylər!












