“MTK ilə vətəndaş arasındakı münasibətlərdə əsas prinsip müqavilə azadlığı ilə vətəndaş hüquqlarının qorunmasının uzlaşdırılması olmalıdır. Müqavilənin bağlanması onun bütün şərtlərinin qanuni olması demək deyil. Müqavilə şərtləri qanunvericiliyə uyğun hazırlanmalı, tərəflərin hüquq və vəzifələri aydın göstərilməlidir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:
“Dövlət yalnız tikinti sahəsinin inkişafına və yeni binaların inşasına deyil, mənzil almaq istəyən vətəndaşların hüquqlarının qorunmasına da diqqət yetirməlidir. Bunun üçün tikinti layihələrinin qanunauyğunluğu, maliyyə münasibətlərinin şəffaflığı və mülkiyyət hüququnun vaxtında rəsmiləşdirilməsi təmin olunmalıdır.
Hesab edirəm ki, MTK-ların fəaliyyətinə nəzarət və vətəndaşların hüquqlarının qorunması üçün bir sıra istiqamətlərdə tədbirlər gücləndirilməlidir:
- Tikinti layihələrinin hüquqi vəziyyəti və icazə sənədləri barədə məlumatlar hər kəs üçün əlçatan olmalıdır.
- Vətəndaşlarla bağlanan müqavilələr aydın və şəffaf hazırlanmalıdır.
- Ödənilən vəsaitlərin uçotu aparılmalı, əlavə ödənişlərin səbəbi və hüquqi əsası göstərilməlidir.
- Tikintinin başa çatdırılması və mənzillərin təhvil verilməsi müddətlərinə əməl olunmasına nəzarət gücləndirilməlidir.
- Mənzilin pulunu tam ödəmiş şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneələr aradan qaldırılmalıdır.
- Vətəndaşların şikayətlərinə vaxtında baxılmalı, məhkəməyə müraciət etmədən mübahisələrin həlli yolları genişləndirilməlidir.
Burada əsas məqsəd bütün MTK-ları problem kimi təqdim etmək deyil. Əsas məsələ onların fəaliyyətində vətəndaş hüquqlarının hansı hallarda pozulduğunu müəyyənləşdirmək və bu halların qarşısını almaqdır”.
Onun fikrincə, mənzil tikintisi sahibkarlıq fəaliyyəti olsa da, mənzil insanın sosial və iqtisadi təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır:
“Vətəndaşın illərlə topladığı vəsait hesabına aldığı mənzil MTK-nın kommersiya maraqlarından asılı vəziyyətə düşməməlidir.
Tikinti sahəsinin uğuru yalnız inşa edilən binaların sayı ilə deyil, həmin binalarda yaşayan insanların hüquqlarının nə dərəcədə qorunması ilə də ölçülməlidir.
Çünki vətəndaş mənzil alarkən sadəcə yaşayış sahəsi əldə etmir. O, ailəsinin gələcəyinə, təhlükəsizliyinə və rifahına vəsait yatırır. Bu etimadın qorunması isə həm sahibkarların, həm hüquq-mühafizə və nəzarət orqanlarının, həm də dövlətin məsuliyyətidir”.
Şəbnəm












