Komediyanın ən maraqlı xüsusiyyətlərindən biri cəmiyyətin özünü özünə göstərmək qabiliyyətidir. Bəzən bir səhnəcik yüzlərlə publisistik yazının, saatlarla davam edən müzakirələrin görə bilmədiyi işi görür. Çünki komediya cəmiyyətin gizlətdiyi həqiqətləri gülüşün arxasında üzə çıxara bilir. Ancaq bunun üçün gülüşün hədəfi düzgün seçilməlidir.
“Komedixana”nın son günlər müzakirələrə səbəb olan səhnəciyinə də bu prizmadan baxmaq lazımdır.
Səhnəciyin məğzi ailəsi tərəfindən əxlaqi səbəblərlə qəbul edilməyən bir qızın sonradan atasına və əmisinə bahalı avtomobil hədiyyə etməsi, bununla da onların münasibətini dəyişməsidir. Əvvəl qızın həyat tərzinə görə onu qəbul etməyən ata avtomobil hədiyyəsindən sonra yumşalır, əmi isə onu az qala nəslin fəxrinə çevirir.
Burada əslində kifayət qədər güclü satirik material var. Hətta məncə, səhnəciyin potensialı onun yaradıcılarının düşündüyündən də böyükdür. Çünki bu hadisə vasitəsilə cəmiyyətin çox ciddi bir xəstəliyini – mənəvi prinsiplərin maddi maraqlar qarşısında ucuzlaşmasını ifşa etmək mümkündür.
Təsəvvür edin ki, dünənə qədər ailəsinin adına ləkə hesab edilən insan bu gün bahalı avtomobilin açarlarını təqdim etməklə ailənin fəxrinə çevrilir. Deməli, problem qızın həyat tərzində deyil, onu mühakimə edənlərin mənəvi mövqeyindədir. Əgər bir insanı davranışına görə qəbul etmirsinizsə, onun sizə bahalı hədiyyə verməsi həmin davranışa münasibətinizi dəyişməməlidir. Dəyişirsə, deməli, əvvəldən ortada prinsip yox imiş, sadəcə, qiyməti hələ müəyyənləşdirilməmiş münasibət var imiş.
Məncə, səhnəciyin ən ciddi satirik hədəfi də məhz bu olmalı idi. Mənəviyyatını maddi marağa dəyişən ata, əmi və ümumən ailə institutu.
Ancaq burada mühüm bir yaradıcılıq problemi ortaya çıxır. Satira tənqid etdiyi hadisəni sadəcə göstərməklə kifayətlənməməli, onun mahiyyətini də açmalıdır. Əgər tamaşaçı səhnəciyə baxıb yalnız qızın həyat tərzinə, onun ailəyə qayıtmasına və ya bahalı avtomobilə gülürsə, satiranın hədəfi dəyişmiş olur. Müəllifin tənqid etmək istədiyi hadisə tamaşaçının gözündə əyləncə predmetinə çevrilir.
Bu, komediyada çox incə, amma mühüm sərhəddir. Bir hadisəni gülüş obyektinə çevirmək başqa şeydir, həmin hadisənin arxasındakı riyakarlığı ifşa etmək başqa.
Səhnəciyi milli-mənəvi dəyərlərə zidd hesab edənlərin də arqumentlərinə müəyyən qədər ehtiyatla yanaşmaq lazımdır. Çünki komediyanın işi cəmiyyətin xoşuna gəlmək, onun mənəvi rahatlığını qorumaq deyil. Komediya əxlaqsızlığı da, riyakarlığı da, ikiüzlülüyü də, ailə münasibətlərindəki ziddiyyətləri də mövzuya çevirə bilər. Əks halda, biz komediyadan həyatın özünü deyil, həyat haqqında qəbul olunmuş təsəvvürlərimizin təsdiqini tələb etmiş olarıq.
Üstəlik, əxlaqi mühakimə ilə mənəvi dəyər həmişə eyni şey deyil. Bəzən cəmiyyətin əxlaq adı ilə müdafiə etdiyi münasibətlərin özündə kifayət qədər riyakarlıq olur. İnsanların həyatını mühakimə edənlər öz maraqları naminə həmin mühakimələrdən necə asanlıqla imtina edirlərsə, əslində, satiranın ən məhsuldar mövzusu da elə budur.
Mənim üçün bu səhnəciyin müzakirəsində əsas sual qızın nə etməsi deyil. Əsas sual atanın və əminin niyə fikirlərini dəyişməsidir. Əgər onlar qızın həyat tərzini yanlış hesab edirdilərsə, avtomobilin açarları həmin yanlışı necə doğruya çevirə bildi? Yox, əgər qızın davranışı onları narahat etmirdisə, bəs onda əvvəlki qınağın səbəbi nə idi?
Əslində, bu sualların hər biri ayrıca komediya mövzusudur.
Sonda bir məqamı da qeyd edim. “Komedixana”nın bu səhnəciyini uğursuz hesab etmək olar, amma onu müzakirə etmək üçün milli-mənəvi dəyərlərin müdafiəsinə qalxmaqla kifayətlənmək də doğru deyil. Məncə, yaradıcı heyətdən daha çox satirik cəsarət, daha dəqiq hədəf və daha güclü bədii məna tələb etmək lazımdır.
Çünki yaxşı satira əxlaq dərsi keçmir, insanın özünü özünə göstərir. Bəzən tamaşaçıya gülməli gələn hadisənin əslində nə qədər acınacaqlı olduğunu başa salır.
Əgər bir ailədə insanın mənəvi dəyəri ona aldığı avtomobilin markası ilə ölçülürsə, deməli, orada avtomobil problemi yoxdur. Orada mənəviyyatın bazar qiyməti müəyyənləşdirilib.
Elmar
Gununsesi.info












