ABŞ münaqişələrin qarşısının alınması və sabitliyin təmin edilməsi strategiyasını elan edib

  • By admin
  • 19 Dekabr 2020 19:24

 

ABŞ münaqişələrin qarşısının alınması və sabitliyin təmin edilməsi strategiyasını elan edib.

Dövlət Departamentinin cümə günü dərc etdiyi strategiyada zorakılıq başlamazdan əvvəl münaqişələrin qarşısının alınmasına kömək etmək üçün Amerikanın müdafiə və inkişaf sahəsində beynəlxalq diplomatik səylərinə diqqət çəkilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

On illik plan qabaqcıl təcrübənin tətbiqi və onillər boyunca Amerikanın təcrübəsindən çıxarılmış dərslər sayəsində davam edən münaqişələrdə sabitlik əldə edilməsində Vaşinqtonun səylərini artırmağa yönəlib və 2019-cu il tarixli Qlobal asılılıq haqqında Qanuna uyğun olaraq qlobal qeyri-sabitlik problemini həll etməyə imkan verəcək, deyə cümə günü Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri bildiriblər.

“Amerikanın tərəqqisi və təhlükəsizliyi ABŞ-ın iqtisadiyyat və təhlükəsizlik sahəsində dinc, müstəqil tərəfdaşlarından asılıdır. Münaqişələr və qeyri-sabitlik silsiləsini aradan qaldıran Birləşmiş Ştatlar öz təhlükəsizliyini möhkəmləndirir”, deyə dövlət katibi Mayk Pompeo öz bəyanatında qeyd edib.

Birgə telebrifinqdə jurnalistlər qarşısında çıxış edən Dövlət Departamentinin Xarici Yardım İdarəsinin direktoru Cim Riçardson deyib ki, yeni strategiya “ABŞ-ın milli maraqlarını sarsıdan qeyri-sabitlik və münaqişələr silsiləsini aradan qaldırmaq üçün Birləşmiş Ştatların iş metodunu dəyişdirəcək”.

“Reallıq ondan ibarətdir ki, ABŞ son 5 il ərzində dünyanın 15 ən zəif ölkəsində 30 milyard dollar xərcləyib. Yeni strategiya ölkələrin nə istədiyi və Amerika xalqının nə gözlədiyi məsələlərində daha çox irəliləyiş əldə etmək üçün bizə daha yaxşı alətlər və daha yaxşı yanaşmalar verəcək”.

Dövlət katibinin münaqişələrin nizamlanması və sabitləşmə üzrə köməkçisi Doktor Deniz Natali bildirib ki, bu strategiya “yeni şüşədə köhnə şərab deyil”.

Birləşmiş Ştatlar genişmiqyaslı səylər yerinə, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olaraq yerli səviyyədə həlləri dəstəkləyəcək.

“Birləşmiş Ştatlar pərakəndə və açıq səylər yerinə ölçülən nəticələrə, qəbul edən ölkənin siyasi iradəsinə, demokratiya və insan hüquqlarına hörmətə, habelə xərclərin birgə çəkilməsinə əsaslanaraq, seçməli şəkildə iştirak edəcək”, deyə o bildirib.

Prioritet ölkələrin və regionların seçilməsi “diqqətlə nəzərdən keçirilir. Bu proses davam edir”.

“Biz bunu gələcək bir neçə həftə ərzində işə salmağı planlaşdırırıq”, deyə Natali bildirib.

Eyni zamanda, o, Turan-ın müxbirinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda və Ermənistandan insanların Amerikanın yeni strategiyasından nə gözləyə biləcəyi barədə sualını cavablandırmaqdan yayınıb.

Əvvəlcə planın oktyabrda elan ediləcəyi planlaşdırılırdı, amma “biz COVİD-19 böhranı şəraitində tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək işlədik, həmkarlarımız və digər idarələrlə məsləhətləşdik və hərtərəfli strategiya üzrə zəruri məsləhətləşmələri başa çatdırdığımızdan əmin olmaq istədik”, deyə Natali Turan-ın sualına cavabda bildirib.

Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində bildirib ki, strategiya “geniş ekspertlər dairəsinin fikirlərini əks etdirir və çoxillik təcrübədən çıxarılmış dərslərə əsaslanır”.

Strategiya haqqında ətraflı məlumatı burada əldə etmək olar