ABŞ və Aİ Rusiyanı Anna Politkovskayanın qətlini sifariş verənləri tapmağa çağırıb

  • By admin
  • 08 Oktyabr 2021 19:56

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Rusiyanın 15 il əvvəl öldürülən araşdırmaçı jurnalistin xatirəsini hörmətlə anıb və Moskvadan qətli sifariş edənləri tapıb məsuliyyətə cəlb etməsini tələb edib, eləcə də Kremlin təzyiqi altında olmalarına baxmayaraq, onun irsini davam etdirən müstəqil jurnalistləri tərifləyib.

Cümə axşamı Anna Politkovskayanın öldürülməsinin 15-ci ildönümü günü verilən iki açıqlamadan birində ABŞ Dövlət katibi Antoni Blinken “onu öldürməyi əmr edənlərin cəzasız qaldığını” və bunun Rusiyada söz azadlığı, mətbuat azadlığı, ümumiyyətlə insan haqlarına hədə olduğunu deyib.

“Biz onun qətlində əli olanların hamısının müəyyən edilməsinə və törətdikləri cinayətlərə görə cavab vermələrinə çağırırıq” – deyə, Blinken bildirib.

Avropa İttifaqının Xarici Məsələlər üzrə sözçüsü Piter Stano 27 ölkədən ibarət olan blokun Rusiya hökumətini “Anna Polkovskayanın öldürülməsində günahkar olanları açıq və şəffaf bir məhkəmə prosesi ilə mühakimə olunmasını təmin etməyə” çağırdığını deyib.

Stano həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 2018-ci il tarixli qərarına diqqət çəkərək, qətli icra edən bir neçə şəxsin məhkum edilməsindən sonra Moskvanın Anna Politkovskayanı öldürmək əmrini verənləri tapmaq üçün kifayət qədər iş görmədiyini qeyd edib.

Politkovskaya 2006-cı il oktyabr ayının 7-də Moskvada, yaşadığı binanın liftində güllələnərək öldürülüb. Rusiyanın müstəqil “Novaya Qazeta” qəzetinin 48 yaşlı araşdırmaçı müxbiri Rusiyanın uzun müddətdir prezidenti olan Vladimir Putinin açıq tənqidçisi olub.

O, 2000-ci illərdə Rusiyanın Çeçenistan Respublikasında separatçılara qarşı müharibəsi zamanı insan haqları pozuntularını işıqlandırması ilə diqqət çəkmişdi.

Ohayo Dövlət Universitetinin politologiya müəllimi, o zaman Azadlıq Radiosunun baş meneceri olan Cefri Trimbl Politkovskayanın öldürülməsinin Kremlin Rusiyada söz və mətbuat azadlıqlarına basqını gücləndirdiyi vaxta təsadüf etdiyini deyir.

Sərhədsiz Reportyorlar-ın üzvləri Rusiyanın Parisdəki səfirliyi qarşısında
Sərhədsiz Reportyorlar-ın üzvləri Rusiyanın Parisdəki səfirliyi qarşısında

“Məsələn, Amerikanın Səsi və Azadlıq Radiosunun Rusiyadakı demək olar ki, bütün yayımlarını itirdikləri il idi” – deyə, Trimbl çərşənbə günü Amerikanın Səsinə müsahibəsində bildirib.

Həm Blinken, həm də Stano bəyanatlarında son zamanlar Rusiyanın mətbuat azadlıqlarının daha da zəiflədiyini, hökumətin bir çox müstəqil jurnalisti “xarici agent” və ya “arzuolunmaz” adlandırdığını deyib. Onlar ABŞ və Avropa İttifaqının bu cür təzyiqlər qarşısında olan jurnalistlərlə həmrəy olacağını bildirib.

Cümə axşamı rusiyalı jurnalistlərlə görüşən Kremlin sözçüsü Dmitri Peskov sifarişli cinayətlərin təşkilatçılarının tapılmasının çətin və uzun bir proses olduğunu və bu cür cinayətlərə görə “cəzanın qaçılmazlığının” Moskva üçün də böyük əhəmiyyət kəsb etdiyini deyib.

2014 -cü ildə Moskva məhkəməsi biri qətli həyata keçirən olmaqla, Politkovskayanın qətlində əli olan dörd çeçeni məhkum edib. Moskvanın sabiq polisi də cinayətə ortaq olmaqda itiiham olunub.

Novaya Qazeta çərşənbə günü dərc etdiyi bir məqaləsində bildirib ki, Rusiyanın məhdudiyyət müddəti qanunlarına əsasən, qətlin arxasında duranlar cinayətdən 15 il sonra cəzalandırıla bilməz, əgər ki, məhkəmə bu müddəti uzatmasa. Qəzet hökumətə istintaqı yenidən başlatması və qətlin arxasında duranları tapması üçün təzyiq göstərməyə söz verib.

Qəzet veb səhifəsinə cinayətin araşdırılması ilə bağlı təxminən iki saatlıq bir sənədli film də yerləşdirib.