AQEM-in 7-ci Zirvə görüşü: Azərbaycanın beynəlxalq nüfuzu və yeni hədəfləri -RƏY

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü bir sıra mühüm nəticələrlə yadda qaldı. 

AQEM Asiya dövlətləri arasında etimadın möhkəmləndirilməsini və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını təşviq edən, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməyi hədəfləyən beynəlxalq forumdur. 28 Asiya ölkəsini birləşdirən quruma 2024-cü ildən sədrlik edən Azərbaycanın səlahiyyətləri qəbul edilmiş qərara əsasən daha iki il uzadılıb. Bakı Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanın sədrliyinin uzadılması və Laosun quruma tamhüquqlu üzv seçilməsi zirvə görüşünün əsas nəticələri olub.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev beynəlxalq siyasi müstəvidə baş verən proseslərə toxunaraq AQEM ölkələrinin ortaq maraqlarının qorunmasının, xüsusilə təşkilatın əhatə etdiyi ərazidə sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. O, bu məqsədlərə nail olmaq üçün həm ayrı-ayrı dövlətlərin, həm də onların birgə səylərinin əhəmiyyətinə diqqət çəkib.

Bəs bu nəticələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzuna necə təsir göstərir və ölkənin xarici siyasətində hansı yeni prioritetləri önə çıxarır?

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bugünkü qlobal çağırışlar fonunda hansı mühüm mesajları ehtiva edir?

Mövzu ilə bağlı Gununsesi.info  -ya danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev mövzunu belə şərh edib:

“Azərbaycanın coğrafi mövqeyinə nəzər salsaq, görərik ki, ölkəmiz əsasən Asiya məkanına aid edilir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) növbəti Zirvə görüşünün Bakıda keçirilməsi və Azərbaycanın təşkilata sədrlik etməsi əvvəlki illərdə qazandığımız təcrübəyə əsaslanır. Prezident İlham Əliyevin tədbirdəki çıxışı isə, demək olar ki, geniş beynəlxalq əks-səda doğurdu.

Azərbaycan həm Qərbin, həm də Şərqin təsirini hiss edən coğrafi məkanda yerləşir. Ölkəmizin Şərqlə Qərbin qovuşduğu ərazidə yerləşməsi dünya miqyasında da qəbul edilən bir həqiqətdir. Buna görə də Asiya və Avropanın beynəlxalq münasibətlərə təsirini Azərbaycan qədər yaxından hiss edən ölkələrin sayı azdır. Çünki hər iki tərəflə siyasi, iqtisadi və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrimiz var. Həmçinin bu bölgələrin dünya və regional məsələlərə yanaşmaları bizə yaxşı tanışdır.

Azərbaycanın AQEM-ə sədrlik etməsindən sonra ölkəmiz əvvəlki illərdə olduğu kimi, təşkilatın tarixində yeni təşəbbüslərlə çıxış etdi. Təşkilatın qurumlarının inkişafı istiqamətində mühüm addımlar atıldı, Parlament Assambleyası, Qadınlar Platforması və Gənclər Platforması yaradıldı.

Bakıda keçirilən Zirvə görüşü də dünyada mövcud olan böhranlı vəziyyətdən çıxış yollarının axtarılması baxımından mühüm toplantı idi. Dövlət və hökumət başçılarının bir araya gəldiyi bu tədbir Prezident İlham Əliyevin Azərbaycanın dünyaya, Avropaya və Asiyaya münasibətini, eləcə də ölkəmizin beynəlxalq proseslərə baxışını təqdim etməsi üçün əlverişli imkan yaratdı. Dövlət başçısı bu imkandan səmərəli istifadə edərək Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etdi”.

Prezident İlham Əliyev Asiya ölkələrinə hansı mesajları çatdırmaq istəyirdi sualını deputat belə izah edib:

“İkiqütblü dünya sisteminin başa çatmasından sonra beynəlxalq münasibətlərdə yeni böhranlı dövr başladı. Bu şəraitdə dünya dövlətlərini hansı çətinliklərin gözlədiyi və yaranmış vəziyyətdən hansı yollarla çıxmağın mümkün olduğu əsas müzakirə mövzularındandır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın üzləşdiyi problemlərdən nümunələr gətirərək dünya siyasətində baş verən prosesləri izah etdi.

Güc amilinin ön plana çıxdığı şəraitdə ədalətin təmin edilməsi getdikcə çətinləşir. Azərbaycan da öz təcrübəsində bununla üzləşib. Bir vaxtlar beynəlxalq münasibətlər sisteminin müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərdiyinə inanılırdı. Birləşmiş Millətlər Təşkilatının qərar və qətnamələrinin icrası dövlətlər üçün mühüm öhdəlik hesab olunurdu. Bununla belə, təşkilat yarandığı gündən qəbul edilən qərar və qətnamələrin icrasını təmin edən təsirli mexanizmlər həmişə mövcud olmayıb. Buna baxmayaraq, 1991-ci ilə qədər beynəlxalq qərarların müəyyən dərəcədə həyata keçirildiyini söyləmək mümkündür.

Sovet İttifaqının dağılması və ikiqütblü dünya sisteminin sona çatması beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanmasına səbəb oldu. Dünya nizamının zəifləməsi beynəlxalq hüquq normalarının tətbiqində də ciddi problemlər yaratdı. Azərbaycanın üzləşdiyi münaqişə də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində baş verən bir sıra münaqişələri bu proseslərdən ayrı nəzərdən keçirmək mümkün deyil.

Yeni şəraitdə münaqişələrin necə həll edilməli olduğu məsələsi beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərdən biridir. Lakin indiyədək bütün tərəflərin qəbul edə biləcəyi, təsirli və davamlı həll yollarının tapılması mümkün olmayıb. Beynəlxalq münasibətlərdə formalaşmış güc balansı da bir çox hallarda dövlətlərin öz hüquqlarını təmin etməsinə mane olub.

Əslində, Azərbaycanın əsas tələbi beynəlxalq hüququn bərabər şəkildə tətbiq edilməsi idi. BMT Nizamnaməsində dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı prinsiplər təsbit olunub. Heç bir dövlətin digər ölkənin ərazisini güc yolu ilə ələ keçirməyə haqqı yoxdur. Lakin bu prinsiplərin həyatda necə tətbiq edildiyinə nəzər saldıqda ciddi ziddiyyətlər ortaya çıxır.

Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğal altında olduğu dövrdə beynəlxalq təşkilatlar və güc mərkəzləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllinə nail ola bilmədilər. Bu vəziyyət ölkəmiz üçün uzun illər davam edən ağır problem yaratdı. Azərbaycan kimi beynəlxalq hüququn təmin edilməsində çətinliklərlə üzləşən dövlətlərin sayı da az deyil.

Asiya qitəsində ölkələr arasında müxtəlif ziddiyyətlər və həllini gözləyən münaqişələr mövcuddur. Bununla belə, Bakıda keçirilən Zirvə görüşündə fərqli mövqelərə malik dövlətləri eyni masa ətrafında toplamaq mümkün oldu. Bu, dialoq və qarşılıqlı anlaşma baxımından mühüm əhəmiyyət daşıyırdı”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında Avropanın və Qərbin təcrübəsindən nümunələr gətirməsi də xüsusi diqqət çəkirdi:

“Dövlət başçısı Asiya ölkələri arasında mövcud olan ziddiyyətlərə toxunmadan, tərəflərdən hər hansı birinin mövqeyini dəstəkləmədən beynəlxalq hüququn tətbiqindəki problemləri ümumi mənzərə əsasında izah etdi. Avropanın timsalında beynəlxalq hüquq normalarına əməl edilməməsinin münaqişələrin həllini çətinləşdirdiyini göstərdi.

Buradan çıxarılan əsas nəticə budur ki, beynəlxalq hüquq normalarına məhəl qoymadan münaqişələri həll etmək mümkün deyil. Azərbaycan isə öz gücü hesabına ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququn prinsiplərini öz ərazisində təmin etdi. Bu təcrübə Asiya dövlətləri üçün də müəyyən nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin çıxışında dövlətlər arasında ziddiyyətlərin aradan qaldırılması üçün güc tətbiqinə deyil, dialoqa, qarşılıqlı anlaşmaya və beynəlxalq hüquqa üstünlük verilməsinin vacibliyi də ön plana çıxırdı. AQEM-in əsas məqsədlərindən biri olan qarşılıqlı etimadın möhkəmləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bəs qarşılıqlı etimadı necə gücləndirmək olar? Bunun əsas yollarından biri dövlətlər arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir. Qarşılıqlı iqtisadi asılılıq dövlətlərin bir-biri ilə münasibətlərində sabitliyin qorunmasına kömək edir. Müharibə və qarşıdurmalar isə tərəflərin hər ikisinə iqtisadi zərər vurur, insanların həyatına və ölkələrin inkişafına mənfi təsir göstərir. Buna görə də iqtisadi əməkdaşlığın genişləndirilməsi münaqişələrin qarşısının alınmasında mühüm vasitələrdən biri sayıla bilər.

Beləliklə, Bakıda keçirilən Zirvə görüşü yalnız Asiya ölkələrinin dövlət və hökumət başçılarının bir araya gəldiyi toplantı deyildi. Burada dünya siyasətində baş verən proseslərə ümumi qiymət verildi, mövcud problemlər və mümkün çıxış yolları müzakirə olundu. Prezident İlham Əliyevin çıxışı da beynəlxalq münasibətlərdə yaranmış vəziyyətin səbəblərini və bu şəraitdə atıla biləcək addımları anlamaq baxımından əhəmiyyətli idi.

Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz rolunu gücləndirir. Coğrafi və geostrateji mövqeyini səmərəli dəyərləndirən Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələr qurur. İldən-ilə genişlənən bu əməkdaşlıq ölkəmizin regional təhlükəsizliyin möhkəmləndirilməsindəki rolunu da artırır.

Prezident İlham Əliyev Azərbaycanın bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyə hörmət prinsiplərinə əsaslanan müstəqil xarici siyasət yürütdüyünü bir daha Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı dövlətlərarası münaqişələrin həllində ikili standartların və seçici yanaşmaların tətbiqini qəbuledilməz hesab etdiyini bildirdi. Belə yanaşmaların beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını vurğuladı.

Qarşıdakı ikiillik sədrlik dövründə Azərbaycanın Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regional dialoqun inkişafına töhfə verməsi gözlənilir. Bu proses, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da artmasına imkan yarada bilər”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info