Avtobuslarda cibgirlik edən yaşlı kişi həbs edildi – FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib. Bu barədə Gununsesi.info-ya DİN sözçüsü Elşad Hacıyev deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun, həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub. Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi subuta yetirilib. Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Elşad Hacıyev onu da əlavə edib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Afət Abbasova
Gununsesi.info