Azərbaycan işsizlik üzrə MDB lideridir

Rəsmi məlumatlara görə, ölkədə işsizlik son 4 ildə 5 dəfəyədək artıb. Ən az işsizlik Naxçıvanda, ən çox işsizlik isə Ağdamdadır.

Nəhayət ki, 2020-ci ilin aprel ayından sonra Dövlət Məşğulluq Agentliyinin (DMA) yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını açıqladı. Son məlumata görə, 2023-cü il iyun ayının 1-i vəziyyətinə DMA-da qeydiyyatdan keçən işsizlərin sayı 250,1 min nəfər olmuş, onların 32,5 faizini qadınlar təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatından ayrın olur ki, ölkə üzrə ən az işsizlik Naxçıvan Muxtar Respublikasında – 408 nəfər, ən çox isşzilik isə Ağdam rayonunda- 11001 nəfərdir. Müqayisə üçün qeyd edim ki, MDB Statistika Komitəsinin məlumatına görə, həmin dövrə Ermənistanda işsizlərin sayı 83,5 min nəfər, Belarusda 80,6 min nəfər, Qazaxıstanda 148,2 min nəfər, Qırğızıstanda 96,2 min nəfər, Moldovada 105,7 min nəfər, Rusiyada 76,45 min nəfər, Tacikistanda 88,7 min nəfər olub.

Məlumat üçün qeyd edim ki, 2019-cu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 50,4 min nəfər olmuş, onların 32,6 faizini qadınlar təşkil etmişdir. Göründüyü kimi son 4 ildə Azərbaycanda işsizlik 4,96 dəfə artıb.

 

Qubad İbadoğlu
Gununsesi.info