“Şimalda Rusiya–Ukrayna müharibəsinin uzanması Qara dəniz–Qafqaz xəttində hərbi-siyasi riskləri artırır. Bu müharibə təkcə Avropanın deyil, Cənubi Qafqazın da təhlükəsizlik balansına birbaşa təsir edir”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Rusiya faktorunun zəifləməsi, Qərbin regiona artan marağı və yeni enerji-tranzit marşrutlarının önə çıxması bölgəni böyük güclərin rəqabət meydanına çevirir.
Cənub istiqamətində isə İran ətrafında formalaşan mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan üçün həm təhlükəsizlik, həm də kommunikasiya baxımından yeni çağırışlar yaradır. İranın regional proseslərdə aktivliyi, Yaxın Şərqdəki qarşıdurmaların genişlənmə ehtimalı və bunun Xəzər–Qafqaz dəhlizlərinə təsiri Bakı üçün qabaqlayıcı strateji planlamanı zəruri edir. Bu reallıq fonunda Azərbaycan artıq yalnız milli səviyyədə deyil, regional kollektiv təhlükəsizlik platformalarının gücləndirilməsi xəttini prioritetləşdirir.
2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə regionun geosiyasi düzənini köklü şəkildə dəyişdi. Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də Cənubi Qafqazda təhlükəsizlik və sülh gündəliyini formalaşdıran başlıca aktora çevrildi. Müharibədən sonra Bakının ortaya qoyduğu sülh təşəbbüsləri, kommunikasiya xətlərinin açılması, nəqliyyat dəhlizlərinin bərpası və çoxtərəfli əməkdaşlıq platformaları regionun yeni təhlükəsizlik fəlsəfəsinin əsasını təşkil etdi.
Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı qonşu dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipindən çıxış etməklə sülhə söykənən, lakin güc balansını da nəzərə alan realist təhlükəsizlik modeli qurur.
Bu siyasətin mahiyyəti qonşularla qarşıdurmadan qaçmaq; regional iqtisadi asılılığı artırmaq; nəqliyyat və enerji inteqrasiyası ilə siyasi sabitliyi möhkəmləndirmək; Türk dünyasını vahid geosiyasi platformaya çevirmək”.
Firuzə








