Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki… – Deputat AÇIQLADI

  • By admin
  • 17 May 2021 15:54

“Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki, ortada həm də yaxşıya doğru dəyişən Türkiyə-Rusiya münasibətləri var idi”.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkədəki rəsmi statusunda yazıb. Deputat bildirib ki, bu münasibətlər ortaq maraqları müəyyənləşdirməkdə işə yaradı və tarixin bu dönəmində Azərbaycana öz problemini həll etməyə imkan yaratdı:

“Təbii ki, Azərbaycan liderinin iradəsi və çevik diplomatik zəkası həlledici amil idi. Təbii ki, Azərbaycan ordusunun fədakarlıq motivasiyası möhtəşəm idi, ancaq bunun arxasında tamamlayıcı amil məhz bu regional güc mərkəzlərinin bir-biri ilə maraqlarını soyuq başla müzakirə etmək fürsəti dururdu. Münasibət qaydasında olmayanda müzakirə də mümkünsüz olur. Türkiyə ordusunun savaş başlamadan öncə Azərbaycanda birgə təlimlərdə iştirakından tutmuş, savaş sürəcində verilən dəstəyə qədər, ardınca da Rusiya hərbçilərilə birlikdə müşahidəçi statusunda bölgəyə yerləşməsi faktı da yuxarıda qeyd olunanların təsdiqi kimi anlaşıla bilər”.

Deputat bildirib ki, bizdə yanlış düşüncə əsasən o zaman büruzə verir ki, biz dövlətlərə insan və ya xalq kimi yanaşmağa çalışırıq:

“Halbuki, heç bir dövlət bütövlükdə hansısa insanın və ya xalqın duyğuları ilə idarə olunmur. Rusiyada idarəedicilər arasında başlayıb özbəöz rus axtarsan xeyli çətinliklə qarşılaşacaqsan. Rusiya mütləq şəkildə başlayıb rus xalqının iradəsini gerçəkləşdirsə, o zaman gərək məmləkətdə rusdan başqa millət yaşamasın. İsraildə də yəhudilərlə bərabər ərəblər və başqa dindən olan insanlar yaşayır. Eləcə də Azərbaycanda olduğu kimi mozaik və etnik kültür əksər dövlətlərdə, o cümlədən Türkiyədə də bir reallıqdır. Demək ki, dövlətlərə öz dövlətinin marağı kontekstindən yanaşmalısan. Yəni ilk növbədə bizdə Azərbaycan mərkəzli yanaşma olmalıdır”.

Gununsesi.info