Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu

  • By admin
  • 16 İyun 2021 20:29

“15 İyun- Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması bir daha tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının keçdiyi inkişaf yoluna nəzər salmağı zərurətə çevirir. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəd müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti 10 dekabr 2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdir. Şuşa Bəyannaməsi məhz bunun bariz nümunəsi oldu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin təminatıdır.”

 

Gununsesi.info xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu: “44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi iki dost, qardaş ölkənin birliyinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. İlk gündən Azərbaycanın tək olmadığını bəyan edən Türkiyə Prezidenti sonadək mənəvi və siyasi dəstəyini göstərdi. Azərbaycan dövləti bu dəstəyi daim yüksək qiymətləndirir. Birliyimiz tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı əsasında daha da möhkəmlənərək, bu fikrin böyük inamla qeyd edilməsinə əsas verir ki, Azərbaycan və Türkiyə yalnız dost deyil, qardaş olkədir. Məhz bu qardaşlıq fonunda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi imzalanan Şuşa Bəyyannaməsində öz əksini tapır.”

Deputat vurğulayıb ki, Şuşada yaşanan tarixi gün bütün türk dünyasında maraq doğurur, verilən mesajlar dünyaya səs salacaq:

“Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da birliyin təqdimatıdır. Rəsmi Ankara daim ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətindən bəhs edərək dünyaya ədalətin bərpası, ikili siyasətə son qoyulması ilə bağlı çağırışlar etdi. 44 günlük Vətən müharibəsində qardaş ölkənin mənəvi və siyasi dəstəyi ilə 30 ilin işğalına son qoyuldu. Artıq yeni dövrə qədəm qoyulub. Türkiyə Prezidentini Füzulidə qarşılayan dövlətimizin başçısı İlham Əliyev Şuşaya gedərkən mənfur düşmənin ərazilərimizdə nə kimi vəhşiliklər törətdiyini göstərərək bu gün bu ərazilərin bərpası istiqamətində konkret strategiyanın həyata keçirildiyini bildirdi. Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakı əsl dost, qardaş dəstəyidir.”

 

“Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli həmkarına “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının dünyaya təqdimatı oldu: “Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də qardaş ölkənin bölgədə rolunun, birliyimizin təsdiqidir. Şuşa Bəyannaməsində iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinin xüsusi yer alması uğurlu gələcəkdən xəbər verir.”

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alaraq Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsinin, ümumi problemlər qarşısında birlikdə addımların atılmasının və ardıcıl həmrəylik göstərilməsinin, milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsinin vacibliyindən də geniş bəhs edən millət vəkili Şuşa Bəyannaməsində əksini tapan müddəaların hər birinin təkcə iki qardaş ölkə deyil, ümumilikdə regionun gələcək inkişafı ilə bağlı olduğunu bildirib.

M.Həsənov dünyaya səs salacaq Şuşa Bəyannaməsi əsasında bu reallığa da diqqət yönəldib ki, bugünədək iki ölkə arasında 250-dən çox sənəd imzalanıb: “Bu sənədlər müxtəlif sahələri əhatə edir. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, çoxtərəfli əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallığa çevrilməsi təkcə iki ölkə deyil, bütün bölgə və dünya üçün əhəmiyyətlidir. Qarşıdakı illərdə bu birliyin nəticəsində reallığa çevriləcək enerji və nəqliyyat layihələri daha geniş coğrafiyanı əhatə edərək, ölkələr, xalqlar arasında dostluq körpüsünün möhkəmlənməsinə böyük töhfələr verəcək.”

Gununsesi.info