Ötən il Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti demək olar 1,5 milyon ton təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
“Məmnunluqla qeyd edirəm ki, Bakı–Tbilisi–Ceyhan marşrutu ilə Qazaxıstan neftinin nəqli sahəsində birgə fəaliyyət uğurla davam edir. Ötən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti demək olar ki, 1,5 milyon ton təşkil edib.
Həmçinin, Qazaxıstanın uran məhsullarının Azərbaycan ərazisindən keçməklə xarici bazarlara tədarükü istiqamətində də böyük işlər görülür. Bu kontekstdə, Azərbaycanın hörmətli Prezidentinə bütün əsas təşəbbüslərə və layihələrə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”, – Qazaxıstan Prezidenti bildirib.
Qazaxıstan lideri İT sektorunda geniş əməkdaşlıq imkanlarının açıldığını da vurğulayıb: “Qazaxıstan rəqəmsal dövlət xidmətlərinin tətbiqi və İT texnologiyaların inkişafı sahəsində təcrübə qazanıb. Bu istiqamətdə birgə layihələrin reallaşdırılmasına hazırıq. Danışıqlar zamanı Xəzər dənizinin dibi ilə optik-fiber rabitə xəttinin çəkilməsi layihəsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Hökumətlərə layihənin ən qısa müddətdə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verildi”.











