Azərbaycan və Rusiya arasında uçuşlar niyə dayanıb?

  • By admin
  • 09 Mart 2022 15:32

Azərbaycan Hava Yolları Azərbaycan-Rusiya arasında uçuşların dayandırılmasını beynəlxalq uçuşlar zamanı “yarana biləcək risklərlə əlaqəli” olduğunu açıqlayıb.

AZAL “BBC News Azərbaycanın “söhbətin hansı risklərdən getdiyi” sualını şərh etməyib.

Qurumun mətbuat xidmətindən yalnız o bildirilib ki, uçuşlar qeyri-müəyyən müddətə təxirə salınır.

İki ölkənin qarşılıqlı uçuşları dayandırması Rusiyanın Ukraynada 10 gündən çoxdur ki, müharibə aparması fonunda baş verir.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiya ilə Azərbaycan arasında uçuşlar dayanandan sonra hər iki ölkədə qalan vətəndaşlarla bağlı “müvafiq işlər” aparılır.

Azərbaycan XİN BBC News Azərbaycancanın hansı müvafiq işlərdən söhbət getməsi və “potensial risklər”lə bağlı suallarını cavablandırmayıb.

Martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıb.

Sosial mediada Azərbaycana və ya Rusiyaya səfər planlaşdırmış və artıq bilet almış insanlar qeyri-müəyyən vəziyyətlə üzləşdiklərini yazırlar.

“Bu, siyasi qərardır”

“Bu, siyasi qərardır, AZAL-ın qərarı deyil”, – siyasi təhlilçi, Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycandan Rusiyaya olan bütün reyslərin dayandırılmasını belə şərh edir.

Elxan Şahinoğlunun fikrincə, əgər buna “konkret izah verilmirsə, burada artıq siyasi səbəblər axtarmaq lazımdır.”

O iddia edir ki, bütün reyslərin qarşılıqlı dayandırılması qərarı “Bakıda yox, Moskvada verilib”.

“Azərbaycan tərəfi belə addım atmağa risk etməzdi, çünki bu, ikitərəfli münasibətlərə də mənfi təsir edərdi”, – təhlilçi bildirib.

Azərbaycan hakimiyyətinin bu qərarla bağlı hər hansı siyasi motivinin olub-olmadığını bilmirik. Bayram günləri olduğundan hakimiyyət və ya ona yaxın şərhçilərlə əlaqə saxlamaq mümkün olmayıb.

“Necə olur ki, Yerevana reyslər var, Bakıya yoxdur? Bakıya uçuşlar Avropadan keçib getmir. Bizim birbaşa quru və hava sərhəddimiz var. Təyyarə Ukrayna ərazisindən də uçmur ki, deyəsən orada nəsə ola bilər. Birbaşa marşrutdur. Burada nə təhlükə ola bilər ki? Məncə, bu, bəhanədir. Ləğvin arxasında siyasi səbəblər var və sadəcə bu haqda danışılmır”, – Elxan Şahinoğlu ehtimal edir.

Onun fikrincə, belə bir qərara səbəb Rusiya hakimiyyətinin Azərbaycandan “müəyyən narazılığının olması fonunda” verilmiş ola bilər.

“Ancaq anlamalıdırlar ki, Azərbaycan bu kimi münaqişələrdə, bu kimi işğallarda ərazi bütovlüyü prinsipindən çıxış edir”.

Azərbaycan Rusiya ilə fevral ayında müttəfiqlik paktı imzalamasına baxmayaraq, Ukraynada müharibə başlayandan sonra bu ölkəyə humanitar yardım göstərib. Dövlət neft şirkəti SOCAR bu ölkədəki təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin edəcəyini bildirib.

Elxan Şahinoğlu deyir ki, uçuşların dayandırılması Rusiyanın başlatdığı müharibə səbəbindən bank köçürmələrində yaranan problemlər və qarşıdan gələn Novruz bayramına görə ölkəyə qayıda bilməyən azərbaycanlılar üçün “çox böyük problemlər yaradacaq.”

Martın 6-da BBC Ruscanın keçmiş əməkdaşı Mark Qriqoryan öz facebook hesabında gün ərzində Yerevana 20-25 təyyarə reysi həyata keçirildiyini yazıb.

Koronavirus pandemiyasına görə, iki ildir ki, Azərbaycan-Rusiya arasında quru sərhədlər bağlıdır.

Rusiya fevralın 24-də Ukraynaya qoşun yeridib. Qərb bunun qarşılığında Rusiyaya sanksiyalar tətbiq edib, sanksiyalar çərçivəsində bir çox Avropa dövlətləri öz hava məkanını Rusiyanın üzünə bağlayıb.

Rusiyanın milli hava yolları şirkəti Aeroflot ötən həftə Belarusdan başqa, hər yerə uçuşları ləğv edib.

Gununsesi.info