Azərbaycanlı qıza Çexiyada “İlin adamı” mükafatı təqdim olundu – FOTO

  • By admin
  • 02 İyun 2021 12:57

Həmvətənimiz, istedalı gənc skripkaçı Nəcəfli Canel İlham qızı 2020-ci il ərzində əldə etdiyi nailiyyətlərə görə Çexiyada “İlin Adamı” seçilmiş və musiqiçilərə təqdim edilən “Orfeus” mükafatına layiq görülüb. Bu barədə bu ilin fevral ayında xəbər verildi və rəsmi mükafatlandırma 21 may 2021-ci il tarixdə Çexiyanın Plzen şəhərində həyata keçirilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Çexiyada Orfeus mükafatı (“İlin adamı”) incəsənət sahəsində layiqli rol oynayan yerli tələbələrə verilir. İllərdir bu ənənə yerli əhali arasında mötəbər təltif sayılır və bugünədək bu ad yalnız Çexlərə verilmişdir. Hətta ona Çexiyanın “Oskar”ı da deyirlər.

Ötən ilin dekabrında 2020-ci il nominasiyasında iştirak üçün Canelin təhsil aldığı Plzen Konservatoriyasının rektoru cənab Miroslav Breyxanın təşəbbüsü ilə 2020-ci il ərzində Canelin layiq görüldüyü diplomlar yığılaraq (World Harmony, Boulder Bach Festival və Karabakh İnternational Cultural and Art Contestdən əldə etdiyi diplomlar) Şəhərin İcra Hakimiyyətindən icazə alınaraq Canel Nəcəflinin də namizədliyi irəli sürüldü və təqdimata yollandı. Qeyd etdiyimiz kimi, Çexiya tarixində ilk dəfə idi ki, xarici tələbənin də namizədliyi irəli sürülürdü.

Dərsləri onlayn qaydada keçirildiyi üçün Canel hazırda Bakıda olduğundan, mükafatı Çexiyadakı müəllimi professor Roman Fedçuk qəbul edib. Tədbirdə şəhərin meri cənab Petr Nahlik də iştirak edirdi, diplomlar şəxsən onun tərəfindən imzalanmışdır və cənab Nahlik Canel Plzenə qayıdarkən daha bir görüş keçirəcəyini bildirib.

Onu da qeyd etmək istərdik ki, gənc skripkaçı Canel Nəcəfli 2019-cu tədris ilində Azərbaycanda musiqi sahəsində Ali məktəbə müsabiqədənkənar daxil olmuş yeganə tələbə idi, hazırda BMA-da qiyabi və Çexiya Konservatoriyasında əyani təhsil alır.

7 dəfə Beynəlxalq və Respublika müsabiqələrinin I yer laureatı olaraq Canel aşağıdakı təltiflərə layıq görülüb:

“Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festival, Polşa, 2015- ci il I yer, “Josef Micka” adına festival-müsabiqə, Çexiya, Praqa, 2016-cı il, Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diplom, “Rodniki duşi” adlı Respublika müsabiqəsi, Bakı şəhəri, 2016-cı il, I yer, V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festival, May, 2016-cı il, “Futures Stars” adlı Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2016-cı il, I yer, “Testene Art Baku” Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2017-cı il, I yer, “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqə, Brüssel, (Belçika), 28 Mart-1 Aprel, 2018-ci il, III yer, Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III, Respublika müsabiqəsi, Bakı şəhəri, Aprel, 2018-ci il, I yer, Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsi, Bakı şəhəri, Fevral, 2019-cu il, I yer, III Beynəlxalq “World Harmony” Müsabiqəsi, Bakı şəhəri, 17-24 Fevral, 2020-ci il, I yer, Boulder Bach Festival, iyul-avqust, 2020, ABŞ, Kolodaro Ştatı, Audience Favorite, Qarabağ Beynəlxalq Mədəniyyət və İncəsənət Müsabiqəsi, 2020, Azərbaycan, Duet, III yer.

Canelə uğurlar diləyirik və bundan sonra da Azərbaycanı layiqincə təmsil etməsinə inanırıq!