ATƏT PA-da Azay Quliyevə növbəti dəfə etimad göstərildi

  • By Admin2
  • 07 İyul 2026 14:39

Milli Məclisin deputatı Azay Quliyev Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası çərçivəsində Assambleyanın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri vəzifəsinə yenidən seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə deputat Azay Quliyev sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, ona yenidən göstərilən etimadı böyük şərəf və eyni zamanda böyük məsuliyyət kimi dəyərləndirir.

Yenidən sədr seçildikdən sonra təşəkkür nitqi ilə çıxış edən Azay Quliyev deyib ki, 2013-cü ildən etibarən ATƏT Parlament Assambleyasında müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib.

O qeyd edib ki, üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət – altı il Assambleyanın vitse-prezidenti olub və hazırda ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.

Azay Quliyev son 13 il ərzində ona göstərilən davamlı etimadı şəxsi uğur kimi deyil, Assambleyanın daha da gücləndirilməsi və təşkilatı birləşdirən dəyərlərin təşviqi istiqamətində üzərinə düşən məsuliyyət kimi qəbul etdiyini vurğulayıb.

Deputat çıxışında bildirib ki, ATƏT məkanının geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik baxımından ciddi çağırışlarla üzləşdiyi bir dövrdə parlament diplomatiyasının rolu daha da artır.

Onun sözlərinə görə, fərqli mövqelərin mövcudluğuna baxmayaraq, dialoq yolu ilə həll yollarının axtarılması və dövlətlər arasında etimad körpülərinin qurulması əsas prioritet olaraq qalır.

Azay Quliyev Komitənin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya səmərəli əməkdaşlığa görə təşəkkür edib, formalaşdırılmış rəhbərlik komandasının əldə etdiyi nəticələrdən məmnunluğunu ifadə edib.

O, həmçinin Beynəlxalq Katibliyin əməkdaşlarına, xüsusilə Marko Bonabellaya və Komitənin müşaviri Aleks Nayta peşəkar fəaliyyətlərinə və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Deputat sessiya zamanı fəaliyyət göstərən tərcüməçilərin işini də yüksək qiymətləndirib.

Çıxışının sonunda Azay Quliyev bundan sonra da bütün nümayəndə heyətlərinə ədalət, qərəzsizlik, dürüstlük və yüksək məsuliyyət prinsipləri əsasında xidmət etməyə sadiq qalacağını bildirib. O, qarşıdakı dövrdə Komitənin konstruktiv əməkdaşlıq, innovativ ideyalar və iştirakçı dövlətlərin maraqlarına xidmət edən praktik nəticələr üçün daha güclü platformaya çevriləcəyinə inandığını vurğulayıb.

Gununsesi.info