Azərbaycan və Fransa arasında yeni dövr başlayır -Əliyevdən Makrona təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.

Sizinlə son telefon danışıqlarımız və ötən il Kopenhagendə görüşümüz zamanı Fransa-Azərbaycan gündəliyindəki məsələlər, ikitərəfli münasibətlərimizin hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı apardığımız səmərəli müzakirələr bizə dövlətlərarası münasibətlərimizin tarixində yeni bir dövrün açıldığını deməyə imkan verir.

İnanıram ki, xalqlarımızın rifahı naminə, tarixi köklərə və ənənələrə əsaslanan münasibətlərimizi iqtisadi, mədəni, təhsil və digər ortaq maraq sahələrində inkişaf etdirmək üçün tərəfdaşlıq ruhunda birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Fransa xalqına sülh və firavanlıq arzulayıram”.

Gununsesi.info