Azərbaycanın ən mənasız musiqi qrupu - Orxan Saffari yazır...

  • By Admin2
  • 06 Fevral 2026 10:12

Heç şübhəsiz, Azərbaycan musiqisinə, repinə, ədəbiyyatına, sözünə və ümumən təfəkkürünə sarsıdıcı zərbə vuran bir amil də xüsusilə “HOST” qrupu və üzvləri, dolayısıla isə Qaraqandır.

Əlbəttə, istənilən məsələdə fanatik olan insanlara nəyisə izah etmək mümkün deyil. Bir insan ki, hansısa sektaya, şəxsə, dəyərə fanatlıq edir, əslində, onunla mübahisə və müzakirə də faydasızdır. Fəqət bəzən bəzi məsələləri hər nə olursa olsun deməkdə fayda var.

Ümumiyyətlə, Azərbaycanda “HOST” qrupundan, qrupun fəaliyyətindən, replərindən mənasız heç nə olmayıb. Ancaq adamlar var, elə hesab edirlər ki, onların formalaşmasında bu qrupun rolu olub. Gör, vəziyyət nə qədər pis olub, insanların təfəkküründə nə qədər dayazlıq var imiş ki, böyük bir kütləni “fahişələri yandıraq” deyən adamlar formalaşdırıb.

Bu adamlar formalaşıblar bu gündədirlər, formalaşmasalar nə gündə olarlar?

Azacıq istedadı olan, saz-söz bilən adamlara məlumdur ki, bu qrupun bircə dənə də ciddi işi, treki olmayıb. Doğrudur, hazırda o qrup bir çoxları tərəfindən hələ də yaxşı qarşılanır. Çünki bir çox adam üçün artıq nostaljiyə çevrilib. Ancaq məhz hələ də o qrupu, o trekləri sənət adlandırmaq təhlükədir.

Sözsüz, fanat olmaq məhz bunu görməyə imkan vermir.

“Varlıdan oğurlayaq kasıba paylayaq” təfəkkürü, ucuz “sən getdin mən qaldım” romantikası nə zamandan sənət olub?

Təsəvvür edin, bütün yaradıcılığı fahişə, gey, efirlərimiz korlanıb, erməni, qalın siqaret, sərt içki intonasiyasında olan bir şey insanların təfəkkürünü dəyişir.

Məgər kiminsə uşaqlığı mənasız bir məsələyə rast gəlib deyə həmin şey yaxşımı xatırlanmalıdır?

Məsələn, Qaraqanın nə hansısa treki, nə də hansısa romanı ciddi bir şey deyil. Bütün yaxşı oxucular onun yazdığı romanların da nə qədər mənasız, qeyri-ciddi ədəbiyyat olduğunu bilir.

İllərdir, o, sevənlərini həm plagiat, həm də mənasız yazı-pozu ilə aldadıb.

Kədərli mənzərədir ki, ölkədə “Bir milyon dollarım olsaydı”, “A” və sairə başqa romanlar sevilir, kimlərsə tərəfindən ciddi ədəbiyyat hesab edilir.

Bəli, fanat olmaq bu mənada pisdir ki, o adamlara bu adamların, bu işlərin bekara olduğunu sübut etmək olmur.

Bir zamanlar bir əfsanə yayılmışdı ki, guya Qaraqan, ümumilikdə Host qrupu gənclərdə etiraz ruhu yüksəldir. Ümumiyyətlə, bu ölkədə Qaraqan özü nəyəsə etiraz edə bilməyən adam olub. Heç nə yox, etiraz ruhunu yüksəldən adamda AYB-də olardı?

Bu gün Azərbaycanda ortabab şairin də ən zəif şeiri onun söz yığını, qulağa xoş gələn ifadələrindən min dəfə yaxşıdır. Bəs necə olur ki, bir çox adam onun sözlərində fəlsəfi nələrsə axtarırlar? Başa düşmək olmur ki, “gözlərin iki okean, göz yaşların aysberq” sözlərində hansı fəlsəfər var?

Başa düşmək olmur ki, “mənim ürəyimə girən yeganə qızdı, ona yaxın olmaq üçün oluram sevgilisinin dostu” ifadəsində hansı dərinlik var?

Qaraqanın elə treki yoxdur ki, ortababdan aşağı olan qulaq qafiyələrində zərərli təfəkkür, mənasız söz yığını olmasın.

Qaraqan elə bilirdi ki, ömrü boyu azlıqları, fahişələri, efirləri, çıxıb gedən qızları, dostunu yarı yolda qoyanları söyməyin çörəyini yeyəcək.

Problem ondadır ki, biz illərlə səs-küyü səs, pafosu mövqe, qışqırığı etiraz kimi qəbul etmişik. Boş vedrənin gur səslə diyirlənməsi kimidir bu “yaradıcılıq”: içi boşdur, amma küçəni başına götürür. Sonra da kimsə deyir ki, bu səs mənim həyatımı dəyişdi. Vallah, o həyat elə dəyişməsə yaxşı idi.

Zamanında küçə jarqonunu, ucuz romantikanı, yarımçıq nihilizmi bir qaba töküb “ruh” adıyla satanlar indi öz miflərinin girovuna çevriliblər. O mif isə çoxdan çürüyüb, sadəcə nostalji qoxusu ilə üstü örtülüb.

Əlbəttə, kimlərsə zövq söhbəti edə bilər.

Amma burada söhbət zövqdən getmir. “Mən bunu sevirəm, sən onu” səviyyəsində bir mübahisə deyil bu.

Söhbət intellektual fırıldaqdan gedir. Söhbət ondan gedir ki, illərlə bəzi adamlara ucuz cümlələr “dərin fikir”, primitiv aqressiya “etiraz”, söz yığını isə “fəlsəfə” adı ilə sırınıb.

Bu yalan o qədər təkrar edilib ki, artıq həqiqət kimi qəbul olunmağa başlayıb.

Məhz bu qrupun fəaliyyəti, Qaraqan da dəfələrlə təkrar olunmuş, artıq bəziləri tərəfindən həqiqətə çevrilmiş yalandır.

Orxan Saffari

Gununsesi.info