Azərbaycanın ən varlı və musiqi cəhətdən kasıb müğənnisi - Orxan Saffari yazır...

  • By Admin2
  • 07 Fevral 2026 10:34

Düzü, başa düşə bilmirəm ki, Ədalət Şükürov niyə oxuyur? Onun buna hansı maddi və mənəvi ehtiyacı var? Axı sənət hər şeydən əvvəl mənəvi ehtiyacdan yaranan bir anlayışdır. Ancaq nədənsə, Ədalət Şükürovu görəndə bu mənəvi ehtiyacın heç birini görmək olmur.

Yəqin ki, ölkənin ən varlı müğənnisi də Ədalət Şükürovdur. Yeganə adamdır ki, mahnıdan çox maşını var. Bəlkə də, onun oxumağı artıq vərdiş halını alıb deyə oxuyur. Səhər durur, çay içir, maşınlarını sayır, sonra da bir az oxuyur. Günün planı kimi.

Üstəlik, Ədalət Şükürov Azərbaycanda az qala hər gün xatırlanan adamdır. Məsələn, illərdir, onun adı ancaq “Azərbaycanda ədalət var, o da Ədalət Şükürovdur” kimi hallanır. Yəni birdən kimsə elə bilər ki, sənətkar kimi xatırlayırlar, qətiyyən. Heç kəs belə bir pis fikrə düşməsin. Elə Azərbaycanda Ədalət kimi müğənni var deyə heç yerdə ədalət yoxdur.

Ümumiyyətlə, ədalətli cəmiyyətdə Ədalət Şükürov müğənni olmamalı idi. O elə ədalətsizlik olduğu üçün ortaya çıxan adamlardandır.

Mənə elə gəlir ki, Ədalət Şükürov elə bilir, adamın səsi qalın olanda mütləq oxumaq lazımdır. Yəqin uşaq vaxtı ona deyiblər ki, səsin də qalındı, maşallah, niyə gedib mahnı zad oxumursan?

Əslində, Ədalət Şükürov heç kəsin yerini dar etmir, hələ bir çox sənətçiyə nisbətdə səviyyəsini qoruyan adamdır, şoudan da uzaqdır, ancaq onun olduğu məqamdan adam bəzən narahat da olur. Bu qədər ömür yaşamışam, nə qədər adam tanıyıram, hələ heç vaxt görməmişəm ki, kimsə Ədalət Şükürova qulaq assın. Ümumiyyətlə, heç kimin telefonunda onun oxuduğu mahnıları da görməmişəm. Heç kim darıxıb, sıxılıb, yeyib-içib onu dinləməyib. Mahnıların blutuz, ikportla göndərildiyi zamanlarda da heç kim onun mahnısını bir-birinə göndərməyib. Hətta şəhərdə də heç kim pəncələri aşağı salıb Ədalət Şükürov dinləməyib.

Görəsən, bütün bunları Ədalət Şükürov özü niyə nəzərə almır? Bir adama başqa nə cür oxumağına ehtiyac yoxdur deyərlər?

Ədalət Şükürov özü nə qədər varlı olsa da, musiqi cəhətdən kasıbdır. Müğənni kimi də gündəmə sənət yox, elə var-dövlətlə gəlib. Müqayisə, bəlkə də, yanlışdır. Ancaq Manaf Ağayevin də pulu var. Fəqət onun “Uy uy uy uy Füzulim”-i dillər əzbəridir.

İllərdir ki, “qoca çinar” deyə-deyə Azərbaycan musiqisini zəbt edib Ədalət Şükürov.

O qədər belə deyib ki, tay adamın çinar ağacını görməyə gözü də olmur, kölgəsinə sığınmaq belə istəmirsən. Hardasa çinar ağacında bir yarpaq əsən kimi elə bilirəm, bu dəqiqə Ədalət Şükürov oxuyacaq. Eyni zamanda hələ də “Ay qız, keçmə bizim məhlədən” oxuyur. Lap Mənsum İbrahimovun qoca yaşında Məcnun olmasına oxşayır.

Ən maraqlısı da odur ki, Ədalət Şükürovun musiqisi heç kəsi əsəbiləşdirmir, heç kəsi sevindirmir, heç kəsi də düşündürmür. Yəni bu adamın sənəti neytral zonadadır. Onu dinləyəndə nə hiss edirsən? Heç nə.

Onun səsi adamın başına da düşmür. Elə bil ki, ayağına qan işləmir, iynə də batırsan heç nə hiss etmirsən. İndi Ədalət Şükürovun oxumağı da belədir. Qəti vecinə olmur adamın, tərpətmir.

Ümumiyyətlə, Ədalət Şükürov heç bir şəkildə yenilik edə bilməyən adamdır. Heç kim deyə bilməz ki, onun Azərbaycan musiqisinə xüsusi bir qatqısı var, nə bilim, hansısa formada musiqimizi inkişaf etdirib.

Başa düşə bilmirəm ki, insanlar niyə onu məclisinə çağırır?

Yeganə müğənnidir ki, bütün mahnıları da eyni laddadır. Bir mahnısını dinləmək bütün mahnılarını dinləməkdir. Bir ritmin üzərində adam nə qədər mahnı oxuyar?

Qısası, Azərbaycan pis-yaxşı ədalət var, bəzən bərqərar da olur. Ancaq Ədalət adında bir nəfər də yaxşı müğənni yoxdur.

Orxan Saffari

Gununsesi.info