“Azyaşlı uşaqların Aşura mərasimlərinə cəlb olunması narahatlıq doğurur”

“Məhərrəm ayı və Kərbəla hadisəsi İslamın mənəvi dəyərlərini – ədaləti, fədakarlığı, simvolizə edir. Məhərrəm ayı və Aşura günü  münasibətilə keçirilən mərasimlərdə insanlar Kərbəla hadisəsini xatırlayır, imam Hüseynin və onun silahdaşlarının çəkdiyi əzabları anırlar. Azərbaycan müsəlman dövləti kimi İslam aləminin ən sivil, inkişaf etmiş və tolerant dəyərlərin yüksək səviyyədə qorunduğu ölkələrdən biridir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib:

“Məhərrəm ayı və Aşura günü münasibətilə ayinlərin təşkili ilə əlaqədar dini etiqad azadlığı, inanca hörmət baxımından heç bir məhdudiyyət yoxdur. Lakin hər il veirlən tövsiyyələrə və xəbərdarlıqlara baxmayaraq yenə, bəzi valideynlərin azyaşlı uşaqları da bu mərasimlərə aparması, hətta onların ayinlərdə iştirak etməsi müşahidə olunur.

Nüfuzlu din xadimlərimizin alimlərimizin, dövlət orqanlarının xəbərdarlığına baxmayaraq yenə Aşura günü  münasibətilə keçirilən mərasimlərinə azyaşlı uşaqların cəlb edilməsi narahatlıq yaratmaya bilməz.

Uşaqların dünyagörüşü və psixikası hələ tam formalaşmadığından onlar gördükləri hadisələri, əzadarlıq, sinəvurma və s.  böyüklər kimi dəyərləndirə bilmirlər. Aşura mərasimləri və digər emosional görüntülər, tam dərk edə bilmədikləri üçün uşaqlarda fərqli izlər buraxa bilər. Əlbəttə dini dəyərlərin uşaqlara aşılanması ailələrin təbii hüququdur.

Lakin bu proses onların yaş xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilməlidir. Uşaqların psixoloji və emosional inkişafı xüsusiyyətləri nəzərə alınmalıdır. Valideynlər, ailələr bu məsələlərdə məsuliyyətli davranmalıdırlar”.

 

 

Şəbnəm

Gununsesi.info