Bu il oktyabrın 7-10-da Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, builki konfransın əsas mövzusu “İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsi” olacaq.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq. Təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil.
Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət yetiriləcək.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.
Minlərlə ailə üçün qeyri-müəyyənlik artıq çox uzun çəkib.
Etimad məlumatdan başlayır. Əməkdaşlıq cavablara aparmalıdır.











